Bizim nəsil Qarabağın azadlığını görə bildiyi kimi, Zəngəzur dəhlizinin də açılışının şahidi olmağa çox yaxındır

Əsədova Təhminə Ağəli qızı,
49 nömrəli məktəb-liseyin direktoru

Bildiyiniz kimi, oktyabrın 26-da qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəmizə səfərə gəlmişdir. Zəngilanın Ağalı kəndində Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış etdilər. Türkiyə və Azərbaycan prezidentlərinin Füzuli Beynəlxalq Hava Limanının açılışında birgə iştirakı, Zəngilanın Ağalı kəndində keçirilən rəsmi mərasim tarixdə əbədi qalacaqdır. Dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan–Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur.
44 günlük Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə bitməsindən sonra qardaş ölkənin Prezidenti ikinci dəfədir ki, işğaldan azad edilmiş ərazilərimizə səfər edir. İlk səfər bütün dünyaya Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, həmrəyliyinin əbədi olacağı barədə mesaj verən, ən mühüm tarixi hadisələrindən biri sayılacaq Şuşa Bəyənnaməsinin imzalanması ilə yadda qaldı. Təsadüfi deyil ki, Türkiyə dövlət başçısını qarşılayan cənab İlham Əliyev çıxışında Şuşa Bəyannaməsinə toxunaraq bildirdi ki, dörd ay bundan əvvəl Sizinlə bərabər Şuşa şəhərində olmuşuq. Bu gün isə Füzulidə və Zəngilandayıq. Şuşada imzalanan Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu bəyannamə bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır.
Müharibənin ilk saatlarında Türkiyə bəyan etdi ki, Azərbaycan tək deyil və Türkiyə Azərbaycanın yanındadır. Bu addım Azərbaycan üçün çox böyük siyasi və mənəvi dəstək idi. Azərbaycan xalqı Türkiyənin dəstəyini yüksək qiymətləndirir. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir.
Hava limanının açılışından sonra Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olan hər iki dövlət başçısı burada “Dost Aqroparkın” və ən əsası Zəngəzur dəhlizinin – Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun təməli qoyuldu. Təbii ki, hər bir açılışın, təməqoyma mərasiminin dövlətimziin iqtisadiyyatı üçün mühüm önəmi var. Lakin geostrateji cəhətdən bu yolun təməlinin qoyulması və Zəngəzur dəhlizinin reallaşması üçün atılan ən mühüm addımın gerçəyə çevrilməsi, ələlxüsus da, qardaş dövlətin başçısının bu önəmli mərasimdə şəxsən iştirakı hadisənin siyasi-iqtisadi əhəmiyyətini genişləndirir.
Göründüyü kimi, bir il əvvəl Ermənistanın 27 il ərzində işğalda saxladığı və tar-mar etdiyi, viran qoyduğu qədim Azərbaycan torpaqları 44 günlük Vətən savaşından sonra azad olundu. Bu son ildə Prezident İlham Əliyevin tapşırığı ilə həmin ərazilərin dirçəldilməsi prosesi necə sürətlə davam etdirilir, indi biz bunun şahidiyik. Vətən müharibəsindən cəmi bir il keçməsinə baxmayaraq, işğaldan azad edilmiş torpaqlarımızda olduqca böyük işlər görülüb və görülməkdədir. Bizim nəsil Qarabağın azadlığını görə bildiyi kimi, Zəngəzur dəhlizinin də açılışının şahidi olmağa çox yaxındır. Sevindirici haldır ki, bu möhtəşəm uğurlar və böyük proses Azərbaycan və Türkiyə qardaşlığı, əməkdaşlığı çərçivəsində qazanılır və birgə davam etdirilir.
Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətləri yorulmadan çalışırlar. Türkiyə şirkətlərinin səyləri nəticəsində bu gün bu bölgədə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür. Bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək.