Leyla Əliyeva uşaqların sərgisində iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun dəstəyi ilə reallaşan sərginin açılışında iştirak edib.


Heydər Əliyev Fondundan Sabahinfo.az-a verilən xəbərə görə,Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və "Xəyallarla dolu qəlblər” adlı sərginin iştirakçıları Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, "Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi, "Qayğı” Uşaq Reabilitasiya Mərkəzi, eləcə də Bakıdakı və regionlardakı uşaq evləri və uşaq bağçalarından olan istedadların rəsm və digər əl işləri ilə tanış olublar.


Bu tədbir istedadlı uşaqların yaradıcılığına dəstək, onların bacarığının inkişaf etdirilməsi məqsədi daşıyır.


Sərgi ilə tanışlıqdan sonra xüsusi qayğıya ehtiyacı olan uşaqlar barədə film nümayiş etdirilib. Balacaların ifa etdikləri rəqslər tədbir iştirakçılarının marağına səbəb olub.


Tədbirin sonunda uşaqların əl işlərinin satışı təşkil edilib. On beş əsər yerindəcə satılıb. Toplanan vəsait kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə məqsədilə sərf ediləcək.


Dörd yüzədək əsərin nümayiş olunduğu "Xəyallarla dolu qəlblər” sərgisi iki gün davam edəcək.