Mehemmed Hacıyev - Buludlar boynunu büküb getdilər...

Məhəmməd TURAN (Haciyev) 2000-ci ildə Şəmkir rayonunda dünyaya göz açmışdır.

Uşaqlıqdan şeirə dərin marağı olan gənc yazar, Şəmkir Şəhər Əhməd Cavad adına tam orta məktəbdə təhsil alır. Şeir və publisist yazıları bir sıra mətbuat orqanlarında mütəmadi olaraq çap olunur. AYB-nin nəzdində yaradılan "3-cü GƏM"in üzvüdür.

Yoxluğun yaxın mənə...

Həsrətin yeddi arşın, Yoxluğun yaxın mənə. Bir eşq duasına dön Astaca oxun mənə.

Mən yorardım yolları Bu dərd məni yormasa... Arada zəng et barı Sevinim heç olmasa...

Həsrətindən tutuşar Yanar ağzımda dilim.. Yenə küsülü qaldıq Heyf getdi bir ilim...

Məni yuxuda görsən Balıncını tərs çevir... Nə olaydı gözlərin Deyəydi "səni sevir"...

Yeyər ömrü qız ahı...

Həyatı əllərində Sönmüş çıraq kimiydi... Seçəmmirdi insanı- Yaxın , qıraq kimiydi?...

Üzü xəzan yarpağı, Əlləri qabar idi... O keçdiyi küçələr, İndi dardan, dar idi...

Necə qəribsəmişdi, Dost tanışdan aralı... Meyli hara ilişsə, Ehh, olardı oralı...

Neçə-neçə ürəkdən Süzdürdü o sazağı... Ona demişdim vallah, "Yeyər ömrü qız ahı!"...

Bircə yol görüm özümü...

Gör necə yalqızlamışam Danışıram öz-özümə... Xatirələr narahatdı Yoxluğun düşüb izimə...

Sənsizlikdən qəm yemişəm Udub arzular qəhəri... Bir gecənin hənirtisi Aydınlaşdırır səhəri...

Nədir ki həsrət dediyin?! Bir az ölüm, bir az sağlıq... Gedəndə "Sağol" demişdin Sevgimizə üzrxahlıq...

Yerdəkilər anlamadı Göylərə dedim sözümü... Bir yol qırılsın güzgülər Bircə yol görüm özümü...

Tonqal

Boynu bükük qalıb bu boz tonqalın Başına fırlanan bir kəsi yoxdu... Bütün çıl-çırpısı alovdan yalın, Kül olub, qırmızı çöhrəsi yoxdu...

Niyə yaddan çıxıb görəsən Allah, Ümidi alışan bu tənha tonqal? Ehh... külü sovrulub öz ürəyinə Danışmır, ağlayır, kirimişcə, lal...

Hanı bu tonqalı quran yiyəsi? Bayram nəşəsindən qaçaqmı yoxsa? Vallah bağışlamaz QURAN YİYƏSİ, İnsan bu bayramı kinində boğsa...

Bəlkə də ürəyi yandı tonqalın, İldırım səsiydi- amanı, ünü! Elə bu tonqalın göz yaşlarıymış- Buluddan töküldü bu bayram günü.

Küləklər elə əsir ki...

Bütün payızları ötdüm Bu payızı ötəmmirəm... Geridən geri qalmışam Eh...o qıza yetəmmirəm...

Təkcə onun hənirtisi, Nəfəsi olub gərəyim... Gələn il axtarma məni Bir payızlıqdır ürəyim...

Elə soyuqdu bu payız Sazağı taa qəlbə dəyir. Sevgi ilk vaxt şirin olur Acı üzü görsənməyir.

Yaman darıxıram sənsiz Həsrətindən qopammıram... Elə karıxıram sənsiz Evimizi tapammıram...

Küləklər elə əsir ki Can atır xəzan qurmağa... Gəl! Baxışın bəs eyləyər Bu küləkləri yormağa...

Səni sevirəm

Elə ayrıldıq ki bir iynə ucu Qoymadım hardasa "bağışla" deyim... Gedəndə "dur getmə" deyərdim bəlkə Bir nəfəs dərməyə çatmadı heyim...

Yoxluğun - yoxluqdur...Başqa adı yox Desəm ki "ölürəm" yalanım olar... Ancaq ki..... Yüz ölüm baxsa da soyuq. Həsrətin yanında balaca qalar...

Bir idi min oldu dünyanın işi Min işlə baş edən can yoxdu məndə... Qoymadı yarıya , gülə sevgimiz Deyən öz bəxtim də aşiqmiş mənə

Xəyalın danlayır yenə üzümü Bilirəm, bilirəm, dəliyəm, kürəm... Eh daha barışıq uzaqda qaldı Yaxınım! Uzağım! səni sevirəm...

Xəbərim olmasın...

Gedəndə gecə vaxtı get Yatım, xəbərim olmasın... Şirin-acı yuxuları Qatım, xəbərim olmasın...

Qaralar qarışsın ağa, Düşsün ayaza, sazağa, Yata-yata ayrılığa, Çatım, xəbərim olmasın..

Eşqin süzülsün qanımdan, Canın çıxmasın canımdan, Keçsin qoy illər...yanından Ötüm, xəbərim olmasın..

Mənim gözlərimdə qaldı bir qadın

Gözümdən başladı o qış üşümək işıqlar üzümə söndü bir bə bir... Eşqimin tamarzı baxışlarından Şeirə çevrildi hər cümlə, sətir...

Boylandım ümidlə göylərə sarı Buludlar boynunu büküb getdilər... Çalxadı yer-göyü həsrət qatarı Bəlkə də, ulduzlar ürküb getdilər...

Çəkilməz həsrəti çəkirəm indi Nə qədər gücsüzəm nə qədər aciz... Ömrümü ovudan xəyallar dindi: Yolumuz kəsişər barışarıq biz...

Bu eşq ürəyimə nə erkən gəldi?! Çevrildi bir sirrə qəlbimdə adın... Sənin gözlərində bir kişi öldü Mənim gözlərimdə qaldı bir qadın..