“Müsavatda ziddiyyətlər getdikcə dərinləşir”

Müsavat Partiyasının "El” Hərəkatı ilə ikitərəfli əməkdaşlıq barədə saziş imzalanması yenidən gündəmə gəlib. Xatırladaq ki, Müsavat Milli Şuranı tərk edəndən sonra "El” Hərəkatına əməkdaşlıq sazişi imzalamağı təklif etdi. "El” də Milli Şuradan çıxandan sonra Eldar Namazovla sabiq Müsavat başqanı İsa Qəmbər arasında saziş ətrafında intensiv müzakirələr aparıldı. Uzun müddətli cəhdlərə baxmayaraq, sözügedən sazişin imzalanması gecikir. İndi məsələnin yenidən gündəmə gətirilməsi ekspertlər tərəfindən birmənalı qarşılanmır. Müsavat başqanının keçmiş müavini, politoloq Qabil Hüseynli "Olaylar”a açıqlamasında bildirdi ki, müxalifət daxilində istənilən siyasi inteqrasiya mümkündür. Lakin Q.Hüseynli Müsavat və "El” Hərəkatı arasında saziş imzalansa belə, bunun səmərəli olmayacağını bildirib. O, bunu Eldar Namazovun rəhbərlik etdiyi qurumun quru addan başqa heç nə ifadə etməməsiylə əlaqələndirib: "Vaxtilə "El”də müxalifətin bir sıra tanınmış simaları toplaşmışdılar. Amma sonradan baş verən anlaşılmazlıqlara görə, onlar qurumdan getdilər. Eldar Namazovdan başqa "El” Hərəkatında kimlərin qaldığını bilmirəm. Digər yandan Namazov son dövrlərdə passivdir və hansısa təşəbbüs, yaxud siyasi fəaliyyətlə diqqət çəkmir. Müsavat Partiyası daxilində də ciddi ixtilaf və parçalanmalar var. Belə olan halda Müsavat və "El” Hərəkatı arasında bağlanacaq əməkdaşlıq haqqında saziş yalnız ictimai rəyə yönəlmiş siyasi manevr xarakteri daşıyacaq. Yəni tərəflər bununla siyasət meydanında olduğunu sübut etmək istəyəcəklər. Bundan uzağa gedə bilməyəcəklər, çünki ortada heç nə yoxdur”. Qabil Hüseynli Müsavat Partiyası daxilində baş verən proseslərə də münasibətini açıqlayıb. Q.Hüseynli Müsavatın gələcək taleyinin partiya rəhbərliyinin yürütdüyü siyasətdən asılı olduğunu deyib. "Son qurultayda yaranan fikir ayrılıqları aradan qaldırılmasa, Müsavat parçalanmalardan xilas ola bilməyəcək. Qubad İbadoğlunun basqıları altında olan digər partiya üzvlərinin tənqidi iradlarının Müsavat rəhbərliyi tərəfindən necə qarşılanması da bu yöndə vacib məsələdir. Qubad İbadoğlu hələ də legitimliklə bağlı partiya rəhbərliyinə qarşı irəli sürdüyü iddiaların üzərində qalır. Partiyanın gələcəyi Müsavat rəhbərliyinin ortada olan bu problemlərə hansı münasibəti göstərməsindən asılı olacaq. Məsələlərin həlli göründüyü qədər də asan deyil və ziddiyyətlər getdikcə dərinləşir” – deyə politoloq vurğulayıb.