"Boş-boşuna, söz xatirinə fikir ifadə edənlərin cavabı veriləcək"

"Azərbaycan siyasi və iqtisadi baxımdan müstəqil ölkədir. Öz xarici və daxili siyasətini heç kimlə razılaşdırmır, müstəqil müəyyənləşdirir. Həm də kimlə dost münasibətləri yaradacağı ilə bağlı Azərbaycan müstəqil seçimini edir və dostluq münasibətlərinə sadiqdir".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov ölkə Prezidenti İlham Əliyevin Cəbrayılda, Araz çayının yaxınlığında səsləndirdiyi fikirləri şərh edərkən deyib. Millət vəkili bildirib ki, Ermənistan 30 il torpaqlarımızı işğal altında saxlayanda İran Ermənistanın əsas dostu və partnyoru olub, indi də bu dostluğunu davam etdirir:

"Biz İrana Ermənistanla dostluq etməyin demirik və demək də düzgün deyil. Hər bir müstəqil ölkə kimlə əməkdaşlıq etmək lazımdırsa, özü müəyyənləşdirir. Azərbaycanın İsraillə dostluq etməsindən İran narahat olmamalıdır. Eyni zamanda Azərbaycanı İsraili Qarabağa gətirməkdə də ittiham etməməlidir. Azərbaycan heç kimdən asılı ölkə deyil və lazımi ittihamlara yerində cavabını qaytarır. Əgər İranın hansısa bir məsələdən narazılığı varsa, o narazılığı yaradan səbəbinin olduğunu sübut etməlidir. Boş-boşuna, söz xatirinə fikir ifadə edənlərin cavabı veriləcək".

Deputat qeyd edib ki, Azərbaycan bütün qonşu ölkələrlə səmimi qonşuluq münasibətində öz gələcəyini qurur:

"O cümlədən Ermənistanla olan ədavətin üzərindən də xətt çəkməyə hazırdır. Sadəcə Ermənistan da buna hazır olmalıdır ki, bu münasibətlər müsbət çərçivəyə girsin. Bunun üçün ilk növbədə sərhədlərin delimitasiya və demarkasiya olunması, ərazi bütövlüyünün tanınması və Zəngəzur dəhlizinin açılması vacibdir. Qonşu ölkələr əbədi düşmən ola bilməzlər. Gec-tez Ermənistan ölkələrimizarası mübahisəli hesab etdiyi bütün məsələlərin ədalətli həllinə razılığını verməlidir. Çünki bunun alternativi yoxdur. Bütün bu fikirləri cənab Prezident Cəbrayıla səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşündəki nitqində qarşı tərəflərə ətraflı şəkildə bir daha çatdırdı".