Böyük Vətən müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş ədəbi-musiqili tədbir keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxana İ.Əbilov adına Mədəniyyət Mərkəzi və “Müasir şairlər. Modern Poems” ədəbi layihənin iştirakçıları ilə birgə İ.Əbilov adına Mədəniyyət Mərkəzində Böyük Vətən müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş “Yaddaşımıza həkk olunan əbədiyaşar qəhrəmanlar” musiqili-poetik tədbir keçirdi.

Tədbirin əvvəlində Böyük Vətən müharibəsində həlak olanların, Vətənimizin müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açdı. O qeyd etdi ki, Böyük Vətən müharibəsi əbədi olaraq tariximizə həkk olundu və müharibədə həlak olan qəhrəmanlar, veteranlar yaddaşlarda daima yaşayacaq. L.Məmmədova Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Böyük Vətən müharibəsi haqqında dediyi sözləri tədbir iştirakçılarının diqqətinə çatdırdı. O qeyd etdi ki, Ulu Öndərimiz Böyük Vətən müharibəsi veteranları ilə görüşərək demişdir: “Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir”.

Daha sonra o vurğuladı ki, Azərbaycan xalqı Böyük Vətən müharibəsində Qələbəyə böyük töhfə vermişdir. Böyük Vətən müharibəsinin ilk günlərində Azərbaycanın 40 mindən çox oğlu və qızı cəbhəyə göndərilmək üçün hərbi komissarlıqlara ərizə verdilər. Respublika ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi və 15 min nəfərlik hava hücumundan müdafiə bölməsi təşkil edilmişdir. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycanın mərd oğul və qızlarının tarixi şücaətləri, qəhrəmanlıqları bu gün də yaddaşlardan silinmir. Müharibə illərində Azərbaycandan 127 nəfər SSRİ-nin ali mükafatı – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. 170 min əsgər və zabit SSRİ-nin orden və medalları ilə təltif edilmişdir. Azərbaycanlılardan formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmişdilər. Müharibə illərində ümumilikdə 75 milyon ton neft hasil edilmişdir ki, bu da bütün Sovet neftinin ¾ hissəsini təşkil edirdi. 22 milyon ton benzin istehsal edilmişdir ki, bu da ümumittifaq benzininin 80 faizini, ümumittifaq neftinin 96 faizini təşkil edirdi. Azərbaycan Qələbəyə təkcə özünün əsas sərvəti olan nefti deyil, həm də ən qiymətli sərvəti olan 300 min igid oğul və qızının həyatını verdi.

Ədəbi-bədii tədbirdə “Müasir şairlər. Modern Poems” ədəbi layihənin rəhbəri, gənc şair Lalə Həsənova, layihənin iştirakçısı olan şairlər, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucuları Günatay Hüseynova, Aliyə Tağıyeva, Ziba Eyyubova (Rəsul), Nell Kyuri, Arzu Manaflı, Renat İlyazov, Zarema Manafova, Olqa Şalayeva, Maksim Yelizarov, Zaur Cəfərov, İlqar İbrahimov adına 167 №-li tam orta məktəbin şağirdləri Aytac Məmmədli, Əli Əzimzadə, Səxavət Əliyev, kitabxananın fəal oxucusu Nuray Hüseynova Böyük Vətən müharibəsinə həsr olunmuş şeirlər söylədilər.

Tədbirdə Səməd Vurğunun “Zəfər bayramı”, Lebedyev-Kumaçın «Священная война», Musa Cəlilin «Чулочки», K.Simonovun «Жди меня, и вернусь» və «Тот самый длинный день в году», A.Tvardovskinin «Я знаю, никакой моей вины» və «Рассказ танкиста», G.İbrahimovanın “Olmasın müharibə”, L.Mətinin “Azad Vətən” və b. şairlərin, habelə “Müasir şairlər. Modern Poems” ədəbi layihə iştirakçılarının bir neçəsinin Böyük Vətən müharibəsi haqqında yazdıqları şeirlər səsləndirildi.

Ədəbi-musiqili tədbirdə Kamran Abdullayevin ifasında Azərbaycan və rus dillərində «День Победы» və «Sən ey uşaqlıq», Bakı Musiqi Akademiyasının magistri Leyli Əşrəfinin ifasında «Dayan zaman» və «Ey Vətən», Səbinə Qocayevanın ifasında «Журавли» və «Катюша», İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin “Oğuzlar” Folklor Xalq Ansamblının müşaiyəti ilə (tarda Rövşən Abduləzizov, kamançada Nahid Məmmədov, nağarada Sabir Cabbarov) Esmira Yusiflinin və Xəqani Zeynalabdinovun ifalarında “El yolunda”, “Elə bəndəm”, “Mənim Azərbaycanım” mahnıları ifa olundu. Gənc müğənni Leyli Əşrəfini fortepianoda Respublika və Beynəlxalq müsabiqələr laureatı, bəstəkar, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Esmiralda Hüseynova müşaiyət etdi.

Yubiley tədbirində ziyalılar, şəhid ailələri, şair və yazıçılar, geniş ictimaiyyət nümayəndələri, fəal oxucular, kitabsevərlər iştirak etdilər.

Böyük Vətən müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş videoçarx nümayiş olundu.

Videoçarx kitabxananın YouTube kanalında yerləşdirilib:

https://www.youtube.com/watch?v=nfPA5iRQUDo