Deputat: "Neftin 10 dollar ucuzlaşması büdcə gəlirinə birbaşa 250-300 milyon manat təsir edə bilər"

Dünya bazarında neftin orta illik qiymətinin 10 ABŞ dolları aşağı düşməsi dövlət büdcəsinin gəlirlərinə birbaşa cəmi 250-300 milyon manat təsir edə bilər.

Sabahinfo.az xəbər verir ki, bunu deputat Heydər Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, gələn il neft-qaz sektorundan büdcəyə daxilolmalar 16,4 milyard manat proqnozlaşdırılır, bunun da 12,8 milyard manatı Azərbaycan Dövlət Neft Fondunun transfertidir: "Yəni neftin 1 və yaxud 100 ABŞ dolları na satılmasından asılı olmayaraq, bu transfert məcburidir və mütləq büdcəyə ödəniləcək. Beləliklə, neftin qiymətinin dəyişməsi yalnız yerdə qalan 3,6 milyard manata təsir edə bilər. Bu da ki, təbii ki, SOCAR və məlum yataqların mənfəət vergisindən daxilolmalardır".

Deputat əlavə edib ki, neftin 10 dollar ucuzlaşmasından itirilən məbləğ büdcənin xərclərinin cəmi 0,6-0,7 %-ni təşkil edəcək: "Təbii ki, bu, büdcədə heç bir problem yarada bilməz. Neftin qiyməti onun birbaşa büdcənin gəlir-xərcləri kontekstində deyil, neftin qiymətinin ARDNF-nin aktivlərinə və onun dayanıqlığına təsiri aspektində daha çox müzakirə olunmalıdır".