Deputatdan təklif

Hörmətli sədr, hörmətli həmkarlar!

Bu gün biz 2026-cı ilin dövlət büdcəsi və növbəti üç ili əhatə edən icmal büdcəni müzakirə edirik. Bu sənəd təkcə maliyyə planı deyil, həm də ölkəmizin qarşıdakı illərdə iqtisadi, sosial və humanitar sahədə addımlayacağı yolun konturlarını müəyyənləşdirən strateji xəritədir.

Son illər qlobal miqyasda ciddi geosiyasi gərginliklərə, enerji bazarlarında dəyişkənliyə və inflyasiya təzyiqlərinə baxmayaraq, Azərbaycan iqtisadiyyatının dayanıqlığı, sosial öhdəliklərini artan templə davam etdirməsi Prezidentimizin rəhbərliyi ilə aparılan ardıcıl siyasətin nəticəsidir. Bu gün müzakirə etdiyimiz büdcə layihəsi də həmin siyasətin məntiqi davamıdır.

2026-cı ilin dövlət büdcəsi sosialyönümlü istiqamətlərin üstünlüyü, müdafiə və təhlükəsizlik xərclərinin əhəmiyyətli payı, təhsil və səhiyyə sahəsində xərclərin artımı, həmçinin Böyük Qayıdış proqramının davam etdirilməsi üçün bütün maliyyə təminatlarının formalaşdırılması ilə xarakterizə olunur. Bu büdcə həm də ölkəmizin iqtisadi inkişafına, yeni layihələrin icrasına və regionlarda bərpa prosesinin sürətlənməsinə xidmət edir.

Hörmətli həmkarlar!

Səhiyyə sahəsində son 5 ildə xərclər təxminən 400% artmışdır. Lakin bu rəqəmlər artımın bütün alt sahələrdə eyni sürətlə əks olunmadığını göstərir. Ümumi artım fonunda onkoloji xəstələrin dərman təminatı və şəkərli diabet xəstələrinin ehtiyacları hələ də lazımi səviyyədə deyil. Xərclərin artımı ilə nəticələrin artımı paralel şəkildə getməlidir.

Burada xüsusilə onkologiya sahəsinə diqqət yönəltmək istəyirəm.

Dünyada artıq onkoloji xəstəlik “ümidsiz diaqnoz” deyil. Müasir target terapiyalar, immunoterapiyalar və yeni nəsil dərmanlar nəticəsində xəstələrin böyük əksəriyyəti 10 ildən daha uzun və yüksək həyat keyfiyyəti ilə yaşayırlar. Bu, dövlətin insan həyatını qorumaq istiqamətində atacağı hər bir addımın nə qədər əhəmiyyətli olduğunu göstərir.

Bu səbəbdən, dövlətin Onkoloji Proqramı çərçivəsində nəzərdə tutulmuş maliyyə dəstəyi mütləq şəkildə artırılmalıdır. Mövcud rəqəmlər dünyadakı real müalicə qiymətləri və xəstələrin sayı nəzərə alındıqda kifayət etmir. Ən azı 3–4 dəfə artım həyati zərurətdir.

Bu niyə vacibdir?

1. Target dərmanlar xəstənin ömrünü illərlə uzadır. Bu həm sosial məsuliyyət, həm də insan kapitalının qorunmasıdır.


2. İTS-in üzərinə düşən yük son illərdə həddindən artıq artmışdır. Onkoloji dərmanların tam İTS-in üzərinə qoyulması sistemdə boşluqlar yarada bilər.


3. Xəstələrin öz cibindən müalicə etməsi real deyil. Müalicənin yarımçıq qalması isə sağ qalma göstəricilərinə birbaşa mənfi təsir edir.


4. Dövlət proqramları gücləndirildiyi halda nəticə dərhal görünəcək – minlərlə insanın həyat keyfiyyəti və sağ qalma şansı yüksələcək.


Hörmətli həmkarlar!

Onkoloji xəstələrə ümid olmaq, onların uzun və ağır yolunda yanlarında olmaq başqa xəstəliklərdən fundamental şəkildə fərqlənir. Bir insan üçün ana vətən, yurdu-obası nədirsə — bu xəstələr üçün də ilk ana vətən onun ailəsi, həkimi və aldığı dəstəkdir. Bu sahədə xüsusi yanaşma tələb olunur.

Bütün problemlərin yalnız İcbari Tibbi Sığorta çərçivəsində həll olunacağına inanmaq real yanaşma deyil. Əksinə, bu, sistemdə dağınıqlığa və məsuliyyət bölgüsündə boşluqlara səbəb ola bilər.

Hal-hazırda ölkəmizdə onkoloji xəstələrin müalicəsi üçün potensialı yüksək, maddi-texniki bazası mövcud olan ixtisaslaşmış mərkəzlər var. Məhz bu mərkəzlərin effektiv işləməsini gücləndirmək əvəzinə, problemin həllini başqa strukturlarda axtarmaq:

– bizi əsas hədəfdən uzaqlaşdırır,
– çox vacib vaxtımızı alır,
– və ən əsası — xəstənin yaşamaq haqqını riskə atır.

İTS bu sahənin əvəzedicisi deyil və ola da bilməz. İTS-in rolu — dövlət proqramını tamamlayaraq maliyyə imkanlarını genişləndirməkdir, onun yerini tutmaq deyil.


Hörmətli həmkarlar!

Rezident həkimlərin əməkhaqqı məsələsinin də köklü həllini gözləyirik. Bu məsələ tibb kadrlarının ölkədə qalmasına, keyfiyyətli xidmətə və insan kapitalının güclənməsinə birbaşa təsir edən əsas amildir.

Biz bu gün təkcə rəqəmləri yox, insanların həyatını, gələcəyini, rifahını müzakirə edirik.
2026-cı ilin dövlət büdcəsi ölkəmizin sosial dövlət modelini daha da gücləndirəcək, Böyük Qayıdış proqramını sürətləndirəcək və Azərbaycan xalqının rifahına xidmət edəcək.

Dövlətimizin inkişaf strategiyasını tam dəstəklədiyimizi bildirir, büdcə layihəsinin qəbulunda hökumətə uğurlar arzulayıram.

Diqqətinizə görə təşəkkür edirəm!

Hörmətlə,
Rəşad Mahmudov