Böyük Zəfərdən Böyük Qayıdışa doğru

Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və Leyla Əliyeva fevralın 14-də işğaldan azad olunmuş torpaqlarımıza növbəti dəfə səfər etdilər. Səfəri xüsusi edən odur ki, dövlətimizin başçısı bu dəfə Qarabağa Böyük Qayıdışın müjdəsini verən təməlqoyma mərasimlərində iştirak etdi. Otuz ilə yaxın müddətdə köçkün həyatını yaşamış yüz minlərlə həmvətənimizin hazırda ən həssas məsələsi dədə-baba torpaqlarına dönməkdir. Səfər çərçivəsində həyata keçirilən təməlqoyma tədbirləri ilə Prezident, ilk növbədə, həmin həmvətənlərimizə göstərdi ki, onların Qarabağa qayıtmaları və orada təhlükəsiz, daha rahat şəraitdə yaşaya bilmələri üçün dövlət tərəfindən zəruri işlərə artıq başlanılıb. COVID-19 pandemiyası ilə bağlı ölkə iqtisadiyyatının ötən il 4,3 faiz həcmində kiçilməsinə, müharibə ilə əlaqədar dövlətimizin iqtisadi yükünün ciddi şəkildə artmasına baxmayaraq, Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti hesabına Qarabağın əsl sahiblərinin əzəli torpaqlarına qayıda bilmək imkanları artıq gerçəkləşdirilməkdədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.

Deputat bildirib: “Bu səfər çərçivəsində dövlətimizin başçısı tərəfindən uzunluğu 100 kilometr olacaq Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməli qoyuldu. Bu, həm də o deməkdir ki, Naxçıvan dəhlizinin açılması ilə bağlı 10 noyabr üçtərəfli Birgə Bəyanatda nəzərdə tutulan tarixi şansın reallaşdırılması istiqamətində əməli addım atılıb. Prezident İlham Əliyev çıxışında bu tədbirin tarixi əhəmiyyətinə xüsusi diqqət çəkdi: “Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək”. Bu nəqliyyat infrastrukturu Bakı-Tbilisi-Qars dəmir yolundan sonra Azərbaycanın məhz Naxçıvan üzərindən qardaş Türkiyə ilə bağlantısını təmin edəcək. Dövlətimizin başçısı təməlini qoyduğu yeni infrastrukturun strateji və siyasi mahiyyətinə də aydınlıq gətirdi: “Biz təklif etmişdik ki,bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfıra endirilməsi üçün bölgədə nəqliyyat layihələrinin xüsusi rolu vardır və burada iştirak edən bütün ölkələr ancaq xeyir götürəcək, fayda götürəcək. Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir... Bu, ölkəmiz üçün lazımdır. Çünki bu, ölkəmizin geosiyasi əhəmiyyətini artırır, iqtisadi gücünü artırır. Çünki biz etibarlı tranzit ölkəsi kimi bundan böyük maliyyə gəliri əldə edəcəyik, eyni zamanda, bölgədə sabitliyin və sülhün təmin edilməsi üçün də bunun çox böyük əhəmiyyəti var”.

Ülvi Quliyev qeyd edib ki, Prezident İlham Əliyev səfər çərçivəsində Laçın rayonunda Həkəri çayı üzərində 8 meqavat gücündə olan Güləbird Su Elektrik Stansiyasının açılışında da iştirak etdi. Dövlətimizin başçısı bildirdi ki, sonrakı mərhələdə Laçında 5, Kəlbəcərdə 12 su elektrik stansiyası yenidən qurulub bərpa olunacaq. Qeyd edildi ki, Güləbird stansiyası təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Prezident onu da açıqladı ki, 120 meqavat generasiya gücü olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları da öz torpaqlarına qayıdacaq azərbaycanlıların istifadəsinə veriləcək. Laçın və Kəlbəcərdə bərpa ediləcək stansiyaların ümumi gücü 120 meqavata çatdırılacaq. Prezidentin göstərişinə əsasən azad edilmiş torpaqlarda bərpaolunan enerji növlərinin və yerlərin müəyyənləşdirilməsinə də artıq başlanılıb. Həyata keçirilən və nəzərdə tutulan tədbirlər Qarabağın Azərbaycana dönüşünün, azərbaycanlıların isə Qarabağa tarixi qayıdışının müjdəsi deməkdir. Dövlətimizin başçısı onu da elan etdi ki, artıq 7 min hektarda əkin işləri aparılmışdır. O əkin sahələrinə də baxacağam. Builki mövsümdə təqribən 20-25 min hektarda əkin işləri aparılacaq. Yəni, biz vaxt itirmədən kənd təsərrüfatını dircəldəcəyik. Əlbəttə ki, azad edilmiş torpaqların kənd təsərrüfatı potensialı çox böyükdür. İşğalçılar bizim torpağımızdan da istifadə edib qanunsuz gəlirlər əldə etmişdilər. İşğal dövründə ən azı 90 min hektarda taxıl əkilmişdi. Buna da son qoyuldu.

Qarabağda insanlarımızın daha rahat və müasir şərtlər altında yaşayışını təmin edəcək layihələr çərçivəsində Prezidentin diqqət çəkdiyi məqamlardan biri də qədim Şuşamızla bağlı oldu. Dövlətimizin başçısı bildirdi ki, Şuşaya elektrik xətləri artıq çəkilib, yüksəkgərginlikli xətlər quraşdırılıb və Şuşada elektrik yarımstansiyasının inşasına başlanılıb. Prezident İlham Əliyev səfər çərçivəsində Zəngilan rayonunun Üçüncü Ağalı kəndində icra olunacaq 200 evdən ibarət “ağıllı kənd” layihəsinə də start verdi.

“Müasir dünyada su, yol, işıq, çörək sivil həyatı mümkün edən zəruri yaşam komponentləri deməkdir. Dədə-baba torpaqlarına qayıdışı həsrətlə gözləyən həmvətənlərimiz bilirlər ki, bütün bu komponentlərsiz, torpaqları minalardan təmizləmədən Qarabağda sivil və təhlükəsiz yaşayışı bərpa etmək qeyri-mümkündür. Bu gün elə bir azərbaycanlı yoxdur ki, işğaldan azad edilmiş torpaqlarımızın erməni vandalları tərəfindən hansı vəziyyətə salındığını, necə viran olunduğunu görməsin. Bu mənzərələri ürək ağrısız izləmək mümkün deyil. Lakin Qarabağ nə qədər viran edilsə də, təbii gözəlliyi və ekoloji saflığı ilə əvvəlkindən də cəlbedicidir. Vacib olan odur ki, bu gözəl diyarımız işğaldan, düşmən tapdağından artıq azad edilib və insanlarımızın həsrətinə son qoyulması, onların Qarabağa dönüşünü təmin etmək üçün Prezident İlham Əliyev növbəti dəfə siyasi iradəsini və qətiyyətini Qalib Xalqın Qalib Prezidenti kimi ortaya qoyub, Böyük Qayıdış layihəsinə start verib. Bu sarsılmaz iradəni, əsl Vətən və torpaq sevgisini görməzlikdən gələnlər, Böyük Qələbəmizə acılıq qatmaq istəyənlər bilməlidirlər ki, bütün cəhdləri və siyasi oyunbazlıqları əbəsdir. Çünki, tarixi faktların və həqiqətlərin qarşısında hər cür siyasi spekulyasiya və avantüra acizdir, əvvəlcədən məğlubiyyətə məhkumdur. Belələri etiraf etməsələr də, bilməlidirlər ki, Böyük Qələbəmizin təməlində məhz Prezident İlham Əliyevin siyasi iradəsi və dövlətçilik məfkurəsi, bu iki faktorun ətrafında birləşdirdiyi ümumxalq dəstəyi və ordu qətiyyəti dayanır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə uzun ömür versin. İşğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdışı təmin etməyə yönələn, Prezident İlham Əliyevin Qarabağda imza atdığı təməlqoyma tədbirləri həm də şəhidlərimizin ruhuna ən böyük hörmətin ifadəsidir. Bu müqəddəs missiyada dövlətimizin, sözü ilə əməli üst-üstə düşən Prezidentimizin yanında olmaq, ümumi işimizə gücümüz və imkanımız çərçivəsində səfərbər olunmaq hər bir azərbaycanlının mənəvi borcudur”, - deyə deputat fikirlərini tamamlayıb.