Putinin Krişnerlə “nikah diplomatiyası”nın pərdəarxası

Rusiya prezidenti Vladimir Putinin Moskvaya səfərə gələn argentinalı xanım həmkarı Kristina Fernandes de Kirşnerlə evlənəcəyi ilə bağlı məlumat yayıldı. Rusiya mətbuatı iddia etdi ki, onlar yaxın zamanlarda evlənəcəklər. Bunun üçün Kirşner pravoslav dinini qəbul edəcək. Nikah Rusiya patriarxı Kirill tərəfindən kəsiləcək. Mətbuat bunun fantastik nəticələr verəcəyini iddia edir: "Argentina Avrasiya İqtisadi İtifaqına daxil olacaq və öz ərazisində Rusiya hərbi bazalarının yerləşməsinə icazə verəcək”. Aprelin 26-da yayılan məlumatdan 4 gün əvvəl isə Rusiya və Argentina ilə bağlı daha bir maraqlı informasiya diqqəti cəlb etdi. Lakin bu məsələ müzakirə olunmadı. Belə ki, Argentina San Andres Universitetinin politoloqu, professor Federiko Merke Rusiyanın Argentinada nüvə stansiyası inşa edəcəyini açıqladı. Krişnerin aprelin 22-də Moskvaya gedəcəyini deyən Merke bildirdi ki, bundan əvvəl tərəflər arasında Rusiyanın bu ölkədə nüvə stansiyası inşa etməsi barədə razılaşma əldə olunub. Politoloq prosesə Çinin də daxil olduğunu vurğuladı: "Bundan əvvəlki iki müqaviləni Rusiya Çinə vermək məcburiyyətində qaldı. Lakin Rusiya növbəti müqaviləni Çinə güzəşt etməyəcək. Krişner hökumətinin Putinin istəklərinə müsbət cavab verəcəyi daha inandırıcıdır. Çin qarşıdakı illərdə Argentinada iki nüvə stansiyasının tikintisini üzərinə götürüb. Krişnerin Moskvaya səfəri də bununla bağlıdı. Hökumət Rusiyanın Latın Amerikasında möhkəmlənməsi üçün növbəti stansiyanı Moskvaya verəcək”.

Benyamin Ziçer: "Moskvanın Argentinaya yönəlik planları siyasi xarakter daşıyır”

Digər yandan, Rusiya 2014-cü ilin oktyabrında Boliviya və Braziliyaya neft və qaz satacağını açıqladı. Əlaqədar qərar artıq "Qazprom” tərəfindən təsdiq edilib. "Qazprom” imzalanmış müqaviləyə görə, Boliviyanın "Rosneft de Venezuela” şirkətindən 1.5 milyon dollar alacaq. Prinsip etibarilə, ABŞ-ın Kuba ilə yaxınlaşmasından sonra Kremlin Latın Amerikasına, xüsusilə Argentinaya diqqət ayırması birmənalı deyil. Krişner Putinin təkliflərini qəbul edəcəyi halda, Kreml bölgədə möhkəmlənmək üçün əhəmiyyətli gediş edəcək. Amerikalı politoloq Benyamin Ziçer də, Moskvanın Argentinaya yönəlik səylərinin siyasi xarakter daşıdığını bildirib. Ziçer Rusiyanın Latın Amerikasında nüfuz dairəsinin getdikcə, genişləndiyini deyib. Xatırladaq ki, Vladimir Putinin 2014-cü ilin iyulunda Argentinaya etdiyi səfərdə tərəflər arasında energetika, ticarət və hərbi sahədə 2 milyard dollarlıq müqavilə imzalanıb.

ABŞ-ın Rusiyaya qarşı yeni strategiyası

Görünən odur ki, Rusiyanın Argentinada nüfuzu genişdir. Argentina ilə yanaşı Braziliya, Boliviya və Venesuela da Rusiyaya loyal münasibət bəsləyirlər. Təbii ki, Rusiyanın bu addımı atmasında önəmli faktor ABŞ-dır. Rusiya həmişə Kubadan ABŞ-a təsir mexanizmi kimi istifadə edib. ABŞ isə bu təhlükəni aradan qaldıraraq, həm Rusiyaya qarşı münasibətinin barışmaz olduğunu, həm də Rusiyanı çökdürmək üçün keçmiş düşmənləri ilə dost olacağını bəyan etdi. Nəticədə Ağ Ev Kubayla əlaqələrini bərpa etməyə çalışır. Bu çərçivədə Barak Obama Kuba inqilabının lideri Fidel Kastro ilə görüşdü. Obamanın 35 illik səssizliyi pozmasından narahat olan əsas şəxs Putin idi. ABŞ-ın Rusiyanın güvəndiyi müttəfiqlərini əlindən çıxarmaq səylərinə cavab olaraq isə, Putin Argentinanın Avrasiya İttifaqına üzvlüyü və bu ölkədə nüvə stansiyasının inşası məsələsini gündəmə gətirdi.


Argentina İranın aqibətini yaşaya bilər

BRİCS daxilində Latın Amerikasının vacib fiqurlarından olan Braziliya, OPEK daxilində isə Venesuela ilə əməkdaşlığını nəzərə alsaq, Rusiyanın Argentinada möhkəmlənmək cəhdləri ABŞ-ı narahat etməlidir. Lakin Putinin gedişi baş tutmaya bilər. İndiki məqamda Havananın Vaşinqtona loyal münasibətini nəzərə alaraq, Ağ Ev 1961-ci ildən bu yana Kubaya tətbiq edilmiş bütün embarqoları ləğv edə bilər. Bu, Latın Amerikasının ABŞ-a inteqrasiyasını yarada bilər. Kuba ABŞ-ın Latın Amerikasına girişini təmin edən əsas qapıdır. SSRİ-nin dağılmasından sonra kommunizmin yayılmasının qarşısını alan ABŞ Latın Amerikasına laqeyd münasibət sərgiləyib. Nəticədə kommunizm ABŞ sərhədlərinə qədər uzandı. Bunu nəzərə alan, Obama ABŞ-ın Kubanı təcrid siyasətinin keçmişdə qaldığını və Havanaya dost əli uzatdığını deyib. Raul Kastronun Obamanın bu təklifinə isti münasibəti Rusiyanın işini bir qədər də çətinə salır. Belə ki, bu vaxta qədər Braziliyanın uranın zənginləşdirməsi istəklərinə qarşı sərt mövqe qoyan, ABŞ-ın Rusiyanın asanlıqla Argentinada stansiya tikməsinə razı olmayacaq. Kubanın ABŞ-la yaxınlaşmasından sonra ABŞ-ın bölgəyə çıxışı üçün yol açılır ki, bu da Vaşinqtonun Moskvanın Argentina və Braziliyada gördüyü işlərə nəzarət mexanizmini gücləndirəcək. Beləliklə, İrandan sonra ABŞ Argentinaya sanksiya məsələsini gündəmə gətirəcək. Hazırda iqtisadi böhran içərisində olan Argentina üçün, Amerikanın belə bir qərarı arzuolunan deyil.


Mənsur Rəğbətoğlu