Ramil Mərzili - Hələ sənin üçün yaşayıram mən

Ramil Mərzili 14 may 1981-ci ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. Ali təhsillidir. Həm elmi,həm də publisistik məqalələr müəllifidir. Bədii yaradıcılığa orta məktəb illərindən başlayan şair 4şeir kitabı müəllifidir. Prezident təqaüdçüsüdür.

SƏN YOXSAN…

Sənindəmi solub çöhrən, bənizin, Bu eşq ölsə, qoyma qala əl izin ... Bu günümün fotosu bu, əzizim, Həsrət də var, kədər də var, sən yoxsan.

Mənlə birgə bu möhnəti daşıyan, Qəmi sevib, "sevincini boşayan", Ürəyimin özəyində yaşayan, Nisgil də var, dözüm də var, sən yoxsan.

Taleyimi qırmanclayır kor düyün, Yaşamıram, gün üstünə gəlir gün. Saatların nə önəmi mənimçün, Gündüz də var, gecə də var, sən yoxsan.

Yaddaşımdan itir adım, soyadım, Ağrılar qoymurki, gecəni yatım. Üç hissəylə bütövləşir həyatım, Yaşam da var, ölüm də var, sən yoxsan...

BİR ANA SIĞALI ÜÇÜN…

Dediyin hər kəlmə, dediyin hər söz, Qəlbimdə ləl- gövhər, incidir ana! Səni sağ tərəfdən vuran o iflic, Məni sol tərəfdən incidir ana...

Biz bütöv bir canıq, sən sağ, mən də sol, Mən səninlə varam, getsəm hayana. Səssizcə uzanmaq sənə yaraşmır, Aç yorğun gözünü, məni duy, ana!

Bir ana sığalı çəkməyin üçün, Bu başı çiynimdə daşıyıram mən. Demə ki, balamın balaları var, Hələ sənin üçün yaşayıram mən.

Sən də mənim üçün dur, qalx ayağa, Qoymayaq sevinsin bu zalım iflic. Yanağım arx açdı göz yaşlarıma, Ana da balasın ağladarmı heç ?!

Dur, qurbanın olum, qucaqla məni, Sıx köksünə yenə ağ saç balanı. Ömür karvanına il gərəkdirsə, Fədadır ömrümün geri qalanı ...

BU ŞƏHƏR ÖZÜ DƏ YETİMDİ…

Sən elə bilirsən yaşamaq asan, Ölməksə nə qədər çətindi sənsiz?! Hardan biləsənki, sənin yoxluğun, Mənim varlığıma xətmdi sənsiz...

Qulağım apardı, çatdım səsinə, Sükut laylay dedi, yatdım səsinə. Elə həsrətəmki, addım səsinə, Hər günüm ölümdü, itimdi sənsiz...

Ha düzdüm, yerinə oturmur daşlar, Günüm sənlə bitər, səninlə başlar. Küçələr, meydanlar, ağaclar, quşlar, Bu şəhər özü də yetimdi sənsiz...

İKİMİZİN ŞEİRİ.

Dodaq susa, göz dillənə, Alov sönə, köz dillənə, Üstümə yüz göz zillənə, Görməyə heç kimsə məni.... Oğurlanıb hər baxışdan Sənin gözünə görünəm..

Əsir alıb bir gecəni, Səmada ayı uyudaq. Mürgüləyən sərçələri, Pıçıltılarla oyadaq.......... Leysan yağa, əsə külək, Üşüyüb sənə bürünəm.

Səsin gələ, qaçam sənə, Sıxam köksümə, ağlayam. Təkrarlayam dönə- dönə, Səni sevirəm, ay Adam......... İşıq olmaq istədim lap, Kölgəmiz boyu sürünəm.

Bircə buna sevinirəm, Yüzlər içində birinəm. Mən sənin bu kainatda, Dayanacaq son yerinəm....

XƏYALI ÖZÜNDƏN BÖYÜK ADAMLAR.

Bir gecəlik qonağımdı, qalacaq, Mənlə birgə xəyallara dalacaq. Ayılacam, yenə də yox olacaq, Oyatmayın, şirindi bu yuxular.

Öz- özümə düşmənəm mən axşamlar, Göz yaşım gizlicə qəlbimə damlar. Xəyalı özündən böyük adamlar, Büdrəyəndə öz içindən yıxılar...

Son ümidə kimi soya da səni, Danışa, dinləyə, duya da səni. Onun toxunuşu oyada səni, Bir andaca qəm- kədərin yox olar.

Öz yeri var hər ağrının, acının, Adı "Sən”miş bu dərdin əlacının. Əllərimdən ətri gəldi saçının, Ovcumdamı gizlənibmiş qoxular?!