Rusiyada Polad Bülbüloğluna heykəl qoyuldu - FOTO

Xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiriPolad Bülbüloğlunun Rusiyada heykəli ucaldılıb. Heykəlin açılış mərasimi mayın 17-də baş tutub.

Sabahinfo.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə məlumat verib.

"Heykəl Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Rusiya Federasiyasının Rəssamlıq Akademiyasında ucaldılıb. Onun yaradıcısı Rusiya Rəssamlıq Akademiyasının prezidenti, UNESCO-nun xoşməramlı səfiri, dünya şöhrətli heykəltəraş, xalq rəssamı Zurab Tseretelidir.

Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Moskva Dövlət Humanitar İqtisad Universitetinin rektoru Vaqif Bayramov, Rusiyanın və Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, Rusiya Federasiyasında akkreditasiya olunmuş bir çox xarici ölkələrin diplomatik nümayəndəliklərinin təmsilçiləri də iştirak ediblər.

Tədbirdə xalq artisti Polad Bülbüloğlunun oğlu, 15 yaşlı Murtuza Bülbül hər kəsi təəccübləndirib. O, səhnəyə çıxaraq, atasının mahnılarından ibarət popurini səsləndirən orkestrə dirijorluq edib. Sonra isə Polad Bülbüloğlu bir neçə təkrarolunmaz gözəl mahnısını ifa edib”,-deyə aparıcı bildirib.

Qeyd edək ki, xalq artisti Polad Bülbüloğlu Rusiya Federasiyasının Rəssamlıq Akademiyasında heykəli qoyulan ilk və yeganə azərbaycanlıdır.