Tolik əsəbiləşdi: "Eltona "çaşma" deyə bilməz"

Xalq artisti İlhamə Quliyevanın müğənni Elton Hüseynəliyevin ünvanına söylədiyi "çaşma” ifadəsi prodüser Tolikin ürəyincə olmayıb.Bu ifadəyə əsəbiləşən prodüser sosial şəbəkədə yazıb: "Bu gün Elton efirdə olub və deyib ki, "mən İlhamə Quliyevanın qanunlarını bilmirəm. Ölkəmizdə bir qanun var, o da konstitusiyanın qoyduğu qanundu”. Aygün Kazımovaya gəldikdə isə... İlhamə Quliyevanın haqqında dedikləri yadından çıxıb? Mən yadına salaram.Natavan - Aygün davasına qarışmıram. Amma mənim müğənnim Eltona statusundan asılı olmayaraq heç kim "çaşma” deyə bilməz. Qarşısında məni görər. Düzdür, dünən Aygün Eltonu yığıb deyib ki, efirə getmə. Hələ deyib ki, Toliklə işləmə. Ay Aygün, sən özün məhkəmədə uduzmusan, mən də sənə görə özümü bu davaya saldım. Bu, nə vaxtacan davam edəcək?".

Tolik xalq artisti Aygün Kazımovaya da səslənib: "Mən bezdim üzümə gülüb, arxamca danışmağından. "Aygün filankəsin qəbulunda olub" sözləri nədir? Bu ölkə dərəbəylikdir? Bu ölkənin qanunu var, heç kim heç kimə hədə gələ bilməz. Kimsə də vəzifəsindən, tutduğu rütbədən istifadə etməsin. Bu özbaşınalıq bitməsə, mən bilirəm kimlərin adını çəkəcəm. Artıq bəsdir. Aygün bu gün kiminləsə yemək yeyibsə, o demək deyil ki, nə istəsə edə bilər. Aygün kimdir ki? Azərbaycan vətəndaşı. Bizdən heç nəyi üstün deyil, sadəcə "xalq artisti” adı var. İlhamə Quliyeva mənlə danışıb, o, Aygünün tərəfində ola bilməz. Çünki onları da mən barışdırmışam. Hər ikisinin sözü varsa, mənə deyə bilər. Heç İlhamə Quliyevanın yanına xəstəxanaya da getmədi. İndi nə oldu, "cici-bacı” olublar”.

Qeyd edək ki,E.Hüseynəliyevin söylədiyi "İlhamə xanımın qanunlarını oxumamışam, bilmirəm o qanunlar harda yazılır” sözləri İ.Quliyevanı özündən çıxarmışdı: "Elton bayaq çaşdı. Elton, yadına sal "Azəri star"da iştirakını. Mən səni dəstəkləyirdim. Bu gün yanında Tolik kimi işini bilən prodüserin var. Deyirsən, mənim qanunlarımı hesaba almırsan. Sən və başqası mənim qanunlarımı hesaba almalıdır. Çünki onların hamısı xeyirxahlıqdandır. Mən dövlət deyiləm ciddi qanun qoyum. Mənim sənət adamları arasında qanun irəli sürməyə haqqım çatır. Xahiş edirəm, bir də belə səhvlərə yol verməyəsən”.

A.Kazımova isə Eltonun Natavan Həbibi ilə eyni efirə çıxmasına narazılığını bildirmişdi. Xalq artisti Eltona zəng edərək bildirib ki, Natavanla efirə çıxsa, onunla dostluğa son qoyacaq.