"Bu 44 günün hər günü bizim şanlı tariximizdir"

“Azərbaycan 44 günlük Vətən müharibəsi dövründə parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir”. Bu fikirləri SİA-ya açıqlamasında V çağırış Milli Məclisin deputatı, 295 nömrəli məktəbin direktoru Dilarə Cəbrayılova deyib.

O xatırladıb ki, Vətən müharibəsi zamanında hər gün Azərbaycan Ordusu irəli gedir, yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edirdi: “Azərbaycan əsgəri bir amalla vuruşurdu ki, bu işğala və haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın və biz buna nail olduq. Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Baxmayaraq ki, biz ərazi bütövlüyümüzü döyüş meydanında qazandıq, hesab edirəm ki, son illər ərzində apardığımız siyasi və diplomatik səylər öz bəhrəsini verdi. Biz bu illər ərzində, həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində güc toplayırdıq, həm də ölkə daxilində iqtisadiyyatımızı, ordumuzu gücləndirirdik. Bunun nəticəsində Azərbaycan son illər ərzində çox uğurlu inkişaf yolu keçmişdir və ildən-ilə bizim üstünlüyümüz özünü daha qabarıq şəkildə büruzə verirdi. Ermənistan bizimlə rəqabət apara bilmədi. Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi”.

Onun sözlərinə görə, şanlı müharibəmizə Şuşa şəhərində yekun vuruldu: “Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimizdir. Şuşa işğal altına düşmüş birinci şəhərimiz idi və işğaldan azad edilən sonuncu şəhər oldu. Şuşa işğaldan azad ediləndən sonra düşmən təslim olmağa məcbur qaldı. Şuşanın azad edilməsi tarixi hadisədir. Qəhrəman ordumuz dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək, sıldırım qayaları qət edərək, qayalara dırmaşa-dırmaşa Şuşaya qalxaraq orada əlbəyaxa döyüşdə düşməni məhv etdi, Azərbaycan bayrağını Şuşada qaldırdı. Ondan bir gün sonra daha 70 kənd işğalçılardan azad edildi və Ermənistan artıq təslim oldu, ağ bayraq qaldırdı, diz çökdü, öz layiqli cəzasını aldı. Ermənistanı döyüş meydanında məhv etdik. Cəmi 44 gün ərzində Ermənistan ordusunun hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, qüdrətini göstərdi. Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada da qaldırıldı”.

O bildirib ki, Azərbaycan bu müharibəni təkcə döyüş meydanında, hərb meydanında deyil, həm də siyasi müstəvidə də qazandı: “İşğaldan azad olunan torpaqların həqiqətən də Azərbaycana məxsus olduğu dəfələrlə sübut olundu. Vətən torpaqları uğrunda canlarını, qanlarını əsirgəməyən əsgər və zabitlərimiz, hərbçilərimiz sübut etdilər ki, bu torpaqların həqiqi sahibi kimdir. Bütün dünya ictimaiyyəti çox yaxşı başa düşdü ki, torpağın sahibi onu qoyub qaçanlar, ermənilər deyil, bu torpaq uğrunda canından keçən azərbaycanlılardır. Bir sözlə, Müzəffər Ordumuzun hərbi vətənpərlik ruhu belə bir sıra məqamlara aydınlıq gətirdi, ermənilərin yalanlarını darmadağın etdi, “məğlumedilməzlik” sindromunu sındırdı və Azərbaycanın haqlı mövqeyi hər kəsə bəlli oldu. Bu özü də böyük bir anlam daşıyır və təkzib edilməsi mümkün deyil”.

D.Cəbrayılova qeyd edib ki düşmən üzərində qələbəmizi şərtləndirən bir neçə amillər var: “Onlardan ən vacibi isə Prezident-Xalq, Xalq-Ordu birliyidir. Məhz bu birliyə, həmrəyliyə güvənən ölkə başçımız belə bir şərəfli və çətin missiyanı həyata keçirdi. Müharibə günlərində Azərbaycan əsl milli həmrəylik, birlik nümayiş etdirdi. Dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız bir yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşdi. Hətta deyərdim ki, bizim birliyimiz dünyaya bir nümunə oldu. Torpaqlarımızın işğaldan azad olunması uğrunda canını, qanını fəda etmiş qəhrəman oğullarımızın, şəhidlərimizin qisası alındı. Təəssüf ki, müharibə itkilərsiz olmur. Haqq savaşımızda minlərlə şəhid verdik. Qəhrəman şəhidlərimizin xatirəsi qəlbimizdə əbədi yaşayacaq və gələcək nəsillər onları hər zaman fəxrlə, qürurla yad edəcəklər. Azərbaycanın şanlı bayrağı isə işğaldan azad edilmiş torpaqlarda əbədi dalğalanacaq!”