Bu müstəqillik əbədidir, dönməzdir...

Hər bir xalqın, millətin taleyində mühüm yer tutan hadisə azadlığa qovuşmaq və müstəqil dövlətçiliyə sahib olmaqdır. Şübhəsiz, bu yol çox çətin və məsuliyyətli bir yoldur. Öz azadlığı uğrunda son anadək mübarizə aparan millət xoşbəxtdir. Məhz Azərbaycan xalqı da tarix boyu belə mübarizələrdən keçib, azadlığa aparan yolda mürəkkəb şəraitlərdən çəkinməyib.

XX əsrin 80-ci illərinin sonunda başlanan tarixi-siyasi proseslərdə Azərbaycan xalqının müstəqil dövlətçiliyə sahib olmaq hissləri digər müttəfiq respublikalara nisbətən daha impulsiv və bariz şəkildə özünü göstərirdi.

Azərbaycanın müstəqillik yolunda mücadiləsi faktiki olaraq 1988-ci ilin xalq hərəkatı ilə başlandı. Proseslər 1990-1991-ci illərdə daha geniş və aktiv şəkildə cərəyan etdi. Yanvar hadisələri isə bu aktivliyi, mücadiləni daha da alovlandırdı.

Ermənilərin Azərbaycan ərazisi olan Qarabağda başlatdığı seperatçılıq hərəkətlərinə ittifaq hakimiyyətinin və onun rəhbəri Mixail Qorbaçovun ədalətsiz yanaşması xalqı qəzəbləndirdi, xalq meydanlara çıxdı. Bu proseslərin məntiqi nəticəsi Azərbaycanın 1991-ci ilin sonunda ittifaqdan ayrılıb müstəqil dövlət kimi yaşamasına səbəb oldu. Ali Sovetin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul etdi. Bəyanatda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin BMT-nin nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarda təsbit edilmiş prinsiplərə müvafiq surətdə tanınması üçün dünya dövlətlərinə çağırış da yer almışdı.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrın 17-də Naxçıvan Ali Soveti müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi. Qərarda, həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi.

1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etmişdir. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi/

1991-ci il 18 oktyabr dövlət müstəqilliyinin elan olunması Azərbaycanın yeni intibahının bünövrəsi demək idi. Konstitusiya Aktında deyilirdi: “Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir"

Ulu Öndər Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu. Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra səmərəli dövlətçilik konsepsiyası, iqtisadiyyatın dirçəlişi strategiyası və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun olaraq demokratik inkişaf reallaşdı.

Ulu Öndərin rəhbərliyi ilə başlanan islahatlar nəticəsində dövlət idarəçiliyinin bütün sahələri dünya standartlarına uyğunlaşdırıldı. Heydər Əliyevin uzaqgörənliyi ilə mütərəqqi dövlət quruculuğuna start verildi, dövlətçiliyin başlıca prinsipləri formalaşdırıldı, vətəndaşla dövlətin qarşılıqlı mənəvi məsuliyyətinə əsaslanan sosial sabitliyin təməli qoyuld u və dövlət cəmiyyətin bütövlüyünün tam təminatçısına çevrildi.

Əminə Ağzadə,

Millət vəkili