"Bu yolun sonu faciədir"

«Mən həmişə əmin olmuşam ki, İtaliyanın xilası naminə bir neçə deputatı güllələmək lazımdır” –Bu sözlər İtaliya diktatoru, faşist Benito Mussoliniyə məxsusdur. Sonda Mussolinin özünü xalq güllələdi və İtaliyanı xilas etdi.

Tarixdə parlament, deputatlar haqqında bu cür düşünənlər, danışanlar hər zaman olub. Amma onlar hər zaman yanılıblar və uduzublar. Parlament cəmiyyətdə hər zaman tənzimləyici funksiya daşıyıb. Parlament cəmiyyətin güzgüsüdür. Cəmiyyətin sağlam qüvvələrini düşündürən məsələlər, onları narahat edən nüanslar deputatlar tərəfindən dilə gətirilir. Cəmiyyət bir çox hallarda bunu görə bilməsə də, demək olar ki, bütün məsələlər barədə daxili müzakirələr aparılır, dövlətin güclənməsi, insanların maddi-rifah halının, sosial yaşayış tərzinin inkişafı üçün parlamentdə daim iş aparılır.

“Milli Məclis, onun deputatları, rəhbərliyi ölkəmizin uğurlu inkişafı istiqamətində böyük rol oynamışlar, parlament tərəfindən qəbul edilmiş qanunlar bizim uğurlu inkişafımızın hüquqi bazasını gücləndirmişdir” – bu sözlər cənab Prezidentin 10 mart 2020-ci ildə Milli Məclisdə çıxışındandır. Dövlət və dövlətçilikdən daim yana olan Ali Dövlət Qurumu haqqında, onun üzvü olan deputatlar haqqında “trol”, “saxta” kimi aşağılayıcı terminlərdən istifadə etməyin tək məqsədi ali dövlət orqanını gözdən salmaq, parlamentin cəmiyyətdəki tənzimləyici funksiyasını pozmaq, dövlətçiliyi zədələmək və son nəticədə vətəndaşları fəlakətə sürükləməkdir. Bu birbaşa dövlət siyasətinin əleyhinə olmaqdır. Biz bu fikir ssenarilərinin son nəticədə nəyə nail olduqlarını bir neçə ölkədə gördük. Bu çox təhlükəli bir ssenaridir və çox dağıdıcı bir fikirdir.

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının yaydığı məlumatda bu termin və fikirlərə rast gəlinməsi bizi çox təəcübləndirdi və təəsüfləndirdi. Akademiyanın prezidenti, uzun illər siyasi fəaliyyət göstərən Ramiz Mehdiyevin dağıdıcı, marjinal, seçkilərdə uduzmuş bir qrupun leksikonu ilə çıxış etməsi onun özünün də marjinallaşması anlamına gəlməkdədir. Dövlətin Təhlükəsizlik Şurasının üzvünün Milli Məclisinin deputatlarını “trol”, “saxta” adlandırması heç bir siyasi məntiq və təcrübəyə, dövlətçiliyə sığmır və biz buna görə çox təəssüf edirik.

İstənilən bir sağlam tənqid inkişafın və təkamülün xeyrinədir. Sağlam tənqiddən nəticə çıxarmaq, ictimai fikirlə hesablaşmaq xalqını və dövlətini düşünən hər bir kəsin milli vəzifəsidir. Amma bunun əksinə, sağlam tənqidçıləri, sağlam və düzgün yol göstərənləri təhqir etmək, onları aşağılamaq heç kimə uğur gətirməyib və bu halda da gətirməyəcək. Bu yolun sonu faciədir.

Tahir Miekişili-Milli Məclisin deputatı