Bütün bu xərclər dövlətin üzərində qalır - Deputat

Mən hesab etmirəm ki, ilkin bağlaşma müddətinin altı aya endirilməsi qadın stabilliyinin qorunmasına xidmət edəcək. Əksinə, düşünürəm ki, bu müddətlərə yenidən baxılmasına ehtiyac var.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

“Birinci növbədə qeyd etmək istəyirəm ki, müddətdən artıq hərbi xidmətə çağırılan hər bir şəxs üçün təlim prosesi ən azı üç ay davam edir. Üç ay təlim keçdikdən və üç ay xidmət etdikdən sonra həmin şəxs artıq müqaviləni dayandırmaq hüququ əldə edir. Bu halda ona verilən üç aylıq təlimin, hazırlığın, psixoloji və fiziki davamlılığın dövlət üçün faktiki olaraq heç bir əhəmiyyəti qalmır.

Əgər həmin şəxs başqa sahədə daha yüksək əmək haqqılı iş tapırsa və qarşısında əlavə öhdəliyi yoxdursa, o, təbii olaraq həmin sahəyə üz tutur. Biz bunun nümunəsini koronavirus dövründə gördük. Pandemiya zamanı bir sıra iş yerləri bağlandıqdan sonra insanlar kütləvi şəkildə müddətdən artıq hərbi xidmətə üz tutdular, çünki orada əməkhaqqı verilirdi və iş yeri mövcud idi. Lakin sonradan iş yerləri bərpa olunanda onlar avtomatik olaraq ərizə yazıb xidmətdən ayrıldılar və dövlətin həmin şəxslər üçün çəkdiyi zəhmət, sərf etdiyi resurslar faktiki olaraq boşa çıxdı”.

Deputat qeyd edib ki, burada mühüm məsələ maddi xərclərlə bağlıdır.
“Dövlət hər bir müddətdən artıq hərbi qulluqçu üçün həm qış, həm də yay formaları tikdirir. Ayaqqabıdan tutmuş geyimə qədər bütün təminat fərdi ölçülərə uyğun hazırlanır və bu, təxminən bir neçə min manata başa gəlir. Daxili nizamnaməyə əsasən də hər bir yeni gələn hərbi qulluqçu yeni forma ilə təmin olunmalıdır, istifadə olunmuş formanı digərinə vermək mümkün deyil.
 Nəticədə dövlət həmin şəxsi təmin edir, o isə üç ay təlim, altı ay xidmət etdikdən sonra formaları təhvil verib xidmətdən ayrılır və bütün bu xərclər dövlətin üzərində qalır. Mən hələ silah-sursatla bağlı məsrəflərdən danışmıram.

Bundan əlavə, burada söhbət yalnız aşpazdan və ya bərbərdən getmir. Xüsusilə ağır sahələr var, o cümlədən mina təmizləmə xidməti. Bu insanlar müddətdən artıq hərbi xidmətə müqavilə əsasında qəbul olunurlar və həmin müqaviləyə uyğun olaraq xidməti başa vurmalıdırlar” – o sonda qeyd edib.