"Bütün narahatlıqlara son qoyuldu"

“Şuşa Bəyannaməsi tarixi bir sənəddir. Əminliklə demək olar ki, Azərbaycanın və Türkiyənin ərazi bütövlüyü artıq Türkiyə-Azərbaycan hərbi-siyasi əməkdaşlığının təkib hissəsidir.

Bu günə kimi Ermənistan Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı ilə bizi sınağa çəkmək, üzünə şillə dəyən kimi anasının yanına qaçan yaramaz uşaq təsiri bağışlayırdı. Doğrusunu deyim ki, bu ölkəmiz üçün həm də bir psixoloji təsir mexanizmi idi. Bizim cəmiyyətdə haqlı olaraq belə bir fikir var idi ki, biz nəyə görə Türkiyə ilə belə bir hərbi saziş imzalamırıq? Hər şeyin zamanı var imiş və o yetişdi”.

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanan Şuşa bəyannaməsi bütün narahatlıqlara son qoydu:

“Bu ittifaq həqiqətən də unikaldır. Maraqlı məqam ondan ibarətdir ki, bu heç də Rusiyaya qarşı atılmış addım deyil. Türkiyə Prezidenti Rusiya Prezidentinin də tarixə qovuşmuş Dağlıq-Qarabağ münaqişəsinin sonlamasındakı rolunu yüksək qiymətləndirdi. Türkiyə, Rusiya və Azərbaycan arasında bir anlaşma var və bu Cənubi Zəngəzur nəqliyyat dəhlizinin açılmasına təkan verir. Maraqlı məsələ budur ki, Ermənistana bu məsələdə "salam" verən yoxdur. Dəhlizin açılması adıçəkilən üç dövlətin preroqatividir və Ermənistana isə "özünü yaxşı aparsan" sən də xeyir götürəcəksən deyilir. Bu bəyannaməni yüksək qiymətləndirirəm və bu əlamətdar hadisə münasibətilə xalqımızı təbrik edirəm!”