BAYATI-KÜRD
Bu sıda, bu haray nədən yaranmış, Ötən əsrlərin hekayətimi? Susdura bilməyib onu boran, qış, Yaşayır ruhunda Babək, Nəsimi.
Gah dinir əl-ayaq çatmayan yerdə, Sal daşlar altından çıxan bulaqtək. Gah ynır bir çöp də bitməyən yerdə, Günəşdən od tutan kimsəsiz dağtək.
Yaralı qəlbindən bəlkə qan sızır, İnləyir can verən şəhidlər kimi. Dinir tariximin ciyər yanğısı, Dinir "Bayatı-Kürd” şahidlər kimi.
Tarzən! Alovlandır mizrabı simdə, Zirehli sirlərin aç arasını. Dinləyim hər xalın titrəməsində, Qədim tariximin macərasını.
Elə çal nəğməni, qopsun ürəkdən, Axı, ürəklərin sirdaşıdır tar. Mizrab külüngünlə Fərhada dön sən, Çal ki, sir qayası, sir daşıdır tar.
Dinsin "Bayatı-Kürd” – ulu vüqarım, Dünənin zəncirli şövqü danışsın. Qılınclı, qalxanlı mərd babaların, Əsrlər adlayan zövqü danışsın.
Bu səda, bu haray nədən yaranmış, Basılmaz bu elin, xalqın səsimi? Susdura bilməyib onu boran, qış, Yaşayır ruhunda Babək, Nəsimi.
SƏNİNÇÜN
Sən Günəş evladı! Sən bahar qızı! Gəldin, gözlərimdə dünya dəyişdi. Elə bil fələklər ayı, ulduzu, Sənin qədəminə səpələmişdi.
Gördüm o gözlərdə taleyim gülür, Qaşların altında bir dan sökülür. O qaynar, o çağlar sevda selləri, Birbaşa səadət şəlaləsitək Bağrımın başına axıb tökülür.
Gördüm ki, səninçün ölməyə nə var, Səninçün təzədən doğularam mən. Ölərəm, ayrıla bilmərəm ancaq Dalğalı saçların sahillərindən...
Gördüm o qaşların bir cilvəsilə, Mələklər hüsnünə baxıb daranmış. Mənim ilhamımın şəlaləsilə, Sənin gülüşlərin ekiz yaranmış.
Gördüm ki, nəğmələr baş qoyub yatar, Kipriyin ucunda yurdu, məskəni. Dedim yaradan da günaha batar, Ayırsa şerdən, nəğmədən səni.
Duydum ki, ruhuma ətrin qarışıb, Bahar səmasıtək mənə gərəkdir. Sən mənim ömrümə ilkin yaraşıq, Nəğmələrim sənə ilkin bəzəkdir.
GÖZLƏRİN YOL ÇƏKİR
Bu sənin şəklindir batıbdır yasa, Bir zaman baxanda titrərdi ürək. Hansı kitabımın arasındasa, Saralıb solubdur gül ləçəyitək.
Gözlərin yol çəkir, qalmısan naçar, Bəs hanı əvvəlki vüqarın sənin. Payızda saralan yazda gül açar, Fəqət geri dönməz baharın sənin.
Gözlərin yol çəkir hey dönə-dönə, Könlündə ilk eşqin xərabələri. Əsir hicran yeli, üşüyür yenə, Ölən arzuların sərdabələri.
Gözlərin yol çəkir indi hardasa, Çatıb qaşlarını dayanmısan tək. Əllərin qoynunda çarpazlanıbdır, Bizim çarpazlaşan yollarımıztək.
Gözlərin yol çəkir, xeyri yox ancaq, Bütün yollarını kəsmisən özün. Gözlərin yol çəkir... Bu yolu bir vaxt, Mən sənə göstərdim, bağlandı gözün.
KÜR DƏNİZƏ AXAN YERDƏ
Maviliklə qucaqlaşan boz- bulanıq sulara bax, O suların qucağında qış günündə bahara bax, "Çahargah”ın ahəngi tək əzəmətli axara bax, Kür dənizə axan yerdə.
Bu vüsaldan günəşin də gözlərinə işıq düşər, Gözəllikdan kam alaram nəğmələrim gözəlləşər, Qaynayaram, qarışaram axar suya, al günəşə, Kür dənizə axan yerdə.
Dalğa-dalğa qanadlanıb Ərzurumdan Xəzərəcən, Məsləkinin yollarında göz yummaylb səhərəcən, Elə bil ki, Kür deyil heç, ürəyimdir gəlib keçən, Kür dənizə axan yerdə.
Uzaqlaşan dalğaların arxasınca göz qoyaram, Grdər üzü tufanlara adım-addımŞ aram-aram, Tufanları ayaqlayan Kürçaylını xatırlaram, Kür dənizə axan yerdə.
MƏRDƏKAN QALASI
Sanki divarların tökülüb tuncda. Bu ellər bəxş edib sənə eşqini. Bəlkə qala deyil odlu qılıncsan, Yerə sancılmısan qəbzənə kimi.
Xətai əlindən düşmüsən bəlkə, Sarsıda bilməyib min tufan səni. Elə dayanmısan, düşünürəm ki, Qılınclı-qalxanlı Şah babam gəlib, Yenə sıyıracaq qınından səni.
ZİRVƏ
Qartallar oylağı qranit zirvə,- Günəş isindirir b gün hər yanı: İsidir zirvədə cavan qartalı, Arxayın qıvrılıb yatan ilanı.
Fikir ver: zirvədə qartalla ilan, Həyatın gör necə sirləri varmış; Deməli, zirvəyə tək uçmaqla yox, Həm də sürünməklə çıxmaq olarmış.
İki qara bulud toqquşdu birdən, Zirvədə qışqırıq qopardı sellər. Qartal qanadlanıb qalxdı havaya, İlanı dərəyə apardı sellər.
Bir azdan qayıtdı qartal yerinə, Dərələr ilanı qoynuna çəkdi. ...Zirvəyə sürünüb çıxmaq da olar, Zirvədə qalmağa qanad gərəkdir.