Çox keçmişəm bu dağlardan, durna gözlü bulaqlardan...” adlı musiqili-ədəbi kompozisiya təşkil olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası A.Şaiq  adına 2 №-li kitabxana filialı ilə birgə görkəmli Azərbaycan şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi münasibətilə “Çox keçmişəm bu dağlardan, durna gözlü bulaqlardan...” adlı musiqili-ədəbi kompozisiya təşkil etdilər. 

Tədbirin keçirilməsində əsas məqsəd böyük söz ustasının zəngin ədəbi irsinin gənc nəslə tanıdılması, poeziyasının təbliği və Azərbaycan ədəbiyyatında tutduğu mühüm yerin bir daha diqqətə çatdırılması olub.

2 №-li kitabxana filialında təşkil olunan tədbirdə Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının teatr şöbəsinin müəllim və şagirdləri, Mərkəzi Kitabxananın və kitabxana filialının kollektivi, həmçinin kitabxananın fəal oxucuları şair və tərcüməçi Arzu Manaflı, Mədinə Əliyeva, Arzu Məmmədova, Adil Muradov iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan kitabxana filialının müdiri Yəmən Əmirova gələn qonaqları salamlayaraq, Xalq şairinin zəngin irsinin gənc nəslə tanıdılmasının əhəmiyyətindən danışdı. Böyük şairin Azərbaycan poeziyasına verdiyi töhfələrdən, onun vətənpərvərlik, insanlıq və təbiət sevgisi ilə zəngin yaradıcılığından bəhs etdi.

Şair, tərcüməçi Arzu Manaflı çıxış edərək, unudulmaz sənətkarın "Qarabağ” haqqında şeirini Azərbaycan və rus dillərində söylədi. 

Kitabxananın fəal oxucuları Arzu Məmmədova şairin rus dilinə tərcümə olunmuş şeirlərini, Adil Muradov isə Səməd Vurğunun hər kəs tərəfindən sevilən “Bahar” şeirini söylədilər.

Tədbirdə çıxış edən Dünya Azərbaycanlılarının Həmrəylik Təşkilatının Prezidenti Tofiq Əlizadə ədəbi-bədii gecələrin gənc nəslin maariflənməsində və milli mədəniyyətimizin təbliğində böyük rol oynadığını qeyd etdi. 

Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının teatr şöbəsinin şagirdləri Səməd Vurğunun məşhur “Vaqif” dramından bir parça təqdim etdilər. Eyni zamanda, şagirdlərin ifasında mahnılar, şeirlər və nümayiş etdirdikləri rəqs nömrələri iştirakçılar tərəfindən böyük maraq və alqışla qarşılandı. İncəsənət Gimnaziyasının şagirdləri tərəfindən şairin əsərlərindən hazırlanmış kompozisiyalar nümayiş olundu.