Cəlilabadda neçə nəfər qızılcaya yoluxub? - TƏBİB-dən açıqlama

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına qızılca xəstəliyi ilə bağlı ümumilikdə 10 nəfər müraciət edib.

Sabahinfo.az xəbər verir ki, bu barədə TƏBİB-dən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialında tələbələrin qızılca virusuna yoluxması ilə bağlı məlumatında bildirilib.

Qeyd olunub ki, 2005-ci il təvəllüdlü (cinsi kişi), 2004-cü il təvəllüdlü (cinsi kişi), 2003-cü il təvəllüdlü (cinsi kişi) Cəlilabad rayon sakinləri müxtəlif tarixlərdə (müvafiq olaraq 15.11.2023-cü il, 23.10.2023-cü il, 04.11.2023-cü il) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Pasiyentlər ilkin tibbi yardım göstərilərək izolyasiya şəraitində ambulator müalicə üçün evə buraxılıb. Pasiyentlərin vəziyyəti mütəmadi olaraq nəzarətdə saxlanılıb.

“Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına qızılca xəstəliyi ilə bağlı ümumilikdə 10 nəfər müraciət edib. Onların hər biri ambulator şəraitdə müalicə alınması üçün evə buraxılıb. Rayonda epidemioloji vəziyyət stabildir”, - deyə vurğulanıb.