Cənubi Qafqazda reallıqları dəyişən bəyanat

Xanlar İmaməliyev: “Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir”.

 

2020-ci il 10 noyabr tarixi xalqımızın, eləcə də, dünya azərbaycanlılarının yaddaşına əbədi həkk olunub. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Məhz 10 noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları Bəyanat münaqişənin həlli istiqamətində son nöqtə oldu. Bəyanat uzun illər davam edən işğala son qoydu. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi.

Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb. Qələbənin qazanılmasında bütün Azərbaycan xalqı birlik, həmrəylik göstərmişdir. Artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaqdır.

Bu Qələbə həm də ilk gündən Azərbaycanın yanında olduğunu açıq şəkildə nümayiş etdirən Azərbaycan – Türkiyə dostluğunun, qardaşlığının sarsılmazlığını təsdiqlədi. Ötən il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilən zaman da bunun şahidi olduq. Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Türkiyədən dəstək və həmrəylik nümayişi Azərbaycan xalqını Qələbəyə ruhlandırdı.

Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq.

Üçtərəfli Bəyanatda mühüm məsələlər öz əksini tapıb. Məsələn, Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir.

Bəyanatın əsas məqamlarından biri də Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin yaradılmasıdır. Bu razılaşmaya əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır.

Bəyanatın beşinci bəndinə əsasən münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılıb. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərir. Beləliklə Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaqdır.

2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanat mühüm əhəmiyyət kəsb edir və Cənubi Qafqazda reallıqları dəyişdirmək üçün potensiala malikdir. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, bu bəyanat, əslində, bütün vacib elementləri əhatə edir, həmçinin Dağlıq Qarabağ münaqişəsinin yekunlaşdığını göstərir. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.

 

Səbail rayonu, 236 nömrəli tam orta məktəbin direktoru

İmaməliyev Xanlar Əmirqulu oğlu