Ceyhun Bayramov: Ermənistan öz öhdəliklərindən yayınmağa çalışır

“İnsan hüquqlarına eyni əsasda, eyni vurğu ilə ədalətli və bərabər münasibət göstərilməlidir”.

Sabahinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Haqları Şurasının 54-cü sessiyasında çıxışı zamanı bildirib.

Nazir diqqətə çatdırıb ki, milli azlıqlara mənsub şəxslərin müdafiəsi ilə bağlı tədbirlər müvafiq dövlətin digər vətəndaşlarına münasibətdə bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi prinsipləri ilə təsdiqlənməlidir:

“Bu anlayışla Azərbaycan hökuməti Qarabağ bölgəsinin etnik erməni sakinlərini siyasi və hüquqi, sosial və iqtisadi çərçivədə bərabərhüquqlu vətəndaşlar kimi yenidən inteqrasiya etmək öhdəliyi götürüb.

Azərbaycan öz konstitusiyasında və iştirakçısı olduğu beynəlxalq mexanizmlərdə təsbit olunmuş bütün müvafiq hüquq və azadlıqları qorumağa borcludur.

Ermənistan isə revanşist təfəkkürlə idarə olunur və normallaşma prosesində öz öhdəliklərindən yayınmağa çalışır, etnik nifrəti fəal şəkildə təbliğ edir, faktları təhrif edir, etnik erməniləri manipulyasiya edir və uydurma hekayələrlə beynəlxalq ictimaiyyəti çaşdırır”.

Ceyhun Bayramov qeyd edib ki, beynəlxalq hüquqa əsasən, milli azlıqlara mənsub şəxslərin hüquqlarının pərdəsi altında dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və birliyinə xələl gətirmək, ölkələrin daxili işlərinə müdaxilə qəti şəkildə qadağandır.

“İstənilən belə cəhd beynəlxalq birlik tərəfindən pislənilməli və qətiyyətlə rədd edilməlidir”, - nazir əlavə edib.

XİN rəhbəri, indiki kritik məqamda Azərbaycanın beynəlxalq ictimaiyyətdən bir sıra gözləntilərinin olduğunu vurğulayıb. Ceyhun Bayramov, beynəlxalq birliyi Ermənistanı təcavüzkar siyasətdən əl çəkməyə və öhdəliklərini yerinə yetirməyə çağırmaqla bağlı daha böyük məsuliyyət götürməyə səsləyib.