"Çingiz Abdullayev yazıçı kimi mənim menyumda yoxdur" - Deputat

"İndiyədək hörmətli xalq yazıçısı Çingiz Abdullayevin heç bir əsərini oxumamışam. Kitabxanamda bircə əsəri belə yer almır. Yəni, yazıçı kimi mənim menyumda yoxdur".

Sabahinfo.az xəbər verir ki, bu barədə deputat Fazil Mustafa sosial şəbəkə hesabında yazıb. O bildirib ki, hansı kitabı oxumaq lazım gəldiyi barədə xüsusi intuisiyası var və buna hələ də güvənir:

"Qeyd etməliyəm ki, hörmətli Çingiz Abdullayevi oxuyanlara, sevənlərə, izləyənlərə, nəşrlərinin, tərcümə olunan kitablarının sayı üzərindən qürur duyanlara da yanaşmam normaldır. Necə deyərlər, zövq məsələsi. Onun danışıq dili ilə bağlı lağlağılara da münasibətim mənfidir. Azərbaycan dilində səlis danışan o qədər susmalı adam olduğu halda belə köntöy danışığın iqtisadi, sosial, siyasi bir zərəri olduğunu düşünmürəm. Bəlkə də mənəvi zərəri hesablana bilərdi, ancaq hər işdə əsas aldığımız meyar əməldirsə, insanın bu qüsurunu belə qabartmağa dəyməz. Çingiz Abdullayev dünyada və Azərbaycanda çoxlarının qəlbini fəth edə bilər, ancaq mənim qəlbim bu mövzuda öz muxtariyyətini qoruyursa, öz qəlbimin səsi ilə davranmağım da anlayışla qarşılanmalıdır. İnsaf naminə qeyd edim ki, Çingiz müəllim erudisiyalı, ədəbi, hüquqi və siyasi bilgiləri olan adamdır, müsahibələrində maraqlı fikirlər var və çıxışları da bəyəndiyim koloritdədir. Rusiya auditoriyasında da Azərbaycanı müdafiə edən çıxışlarını yüksək qiymətləndirirəm. Məşhurluğuna da çox müsbət yanaşıram".

Deputat qeyd edib ki, Ç.Abdullayev "Artıq bezmişəm, ölkədən çıxıb getməyə hazırlaşmaq lazım!" təqribən belə bir ifadə səsləndirib və birdən-birə "Getmə, amandır!" naləsi bir çox tanınmış imzalar tərəfindən dövrəyə soxulub:

"Aydın olmayan bir sual var, bunu mütləq cavablandırıb, sonra getmək barədə düşünmək doğru olmazmı? Əcaba, nəyin savaşını verib bezdiniz? Hansı ədəbi cərəyanın aydınlanma davasında öncül olaraq düşüncələrinizi ortaya qoydunuz? Hansı əsərinizdə cəmiyyətin yanlış dəyərlərinə qarşı savaş açdınız? Qarabağda qələbəmizə ermənilər qədər məyus olan və daxildən, xaricdən hər cür tərbiyəsizliyə yol verən müxalifətçi, bitərəf kimliklərə hansı qınağınız səsləndirildi? Mədəniyyət və ədəbiyyat sferasında fundamental mövzularda hansı yanlış siyasətə etirazınız ortaya qoyuldu? Onlarla belə sualları sıralamaq mümkündür. Dili zadı bəhanə etməyin, məmləkətə, millətə səmimiyyətsizliyinizi, sevgisizliyinizi bəhanə edin! Danabaşların, qaragüruhun, cahil sürüsünün söyüşünə, təhqirinə, böhtanına, gülləsinə bu məmləkətdə hədəf olan bizlər heç vaxt küsməyi düşünmədik, bezmədik, getməyə hazırlaşmadıq. Çünki bu gün hamımızın qoyub getdiyi bu ölkə sabahın Əfqanıstanı, İranı və Allah bilir hansı cəhalətpərvərlərin bostanı olacaq. Bütün səmimiyyətimlə Çingiz müəllimin getməyini istəmirəm. Əksinə, Azərbaycana, onun problemlərinə, onun ağrılı-acılı məqamlarının üzərinə gəlməyini istəyirəm".