"COVİD pasportlarının tətbiqinin müzakirələrdən kənar qalması təəssüf doğurur"

Cari məsələlərin müzakirəsi zamanı millət vəkili Nigar Arpadarai çıxışında Şəhid ailələri və Qazilərin üzləşdiyi problemlərdən danışıb. Qeyd edib ki, xüsusilə, sənədləşmə məsələlərində ciddi problemlər, get-gəllər yaşanır ki, bu da narazılıqlara səbəb olur.

Bu baxımdan, millət vəkili Vahid Əlaqələndirmə Mərkəzinin yaradılmasının çox mühüm önəm daşıdığını, bunun adıçəkilən məsələlərin həllində əhəmiyyətli rol oynayacığını bildirib. Millət vəkili həmçinin, “COVİD-19 pasport”larla bağlı məsələnin, bu yöndə qoyulan tələblərin düzgün olmadığını bildirib.

Deputat bildirib ki, COVİD pasportlarının tətbiqinin müzakirələrdən kənar qalması təəssüf doğurur: “Çünki bunun tətbiqi uzunmüddətli qərardır və vətəndaşların həyatına birbaşa təsiri var. Hazırda xroniki xəstəlikləri, allergiyası olan yaxud şəxsi qərarı ilə peyvənd olunmayanlar sağlamlıq mərkəzlərinə girə bilmirlər. Bu, nə dərəcədə doğrudur? Heç kəsin şübhəsi yoxdur ki, dövlət insanların sağlamlığını düşünür. Amma müzakirə olunmadan edilən tətbiqlər əlavə bürokratiyaya çevrilir. Hesab edirəm ki, bunun əlavə əsaslandırması olmalıdır. İnsanlara məlumat verilməlidir ki, təkrar yoluxma halı neçə faizdir. Apardığım araşdırmaya görə dünyada təkrar yoluxma halları 1 %-dən azdır”.