Daha 95 erməni hərbçinin meyiti təhvil verildi - RƏSMİ

Ermənistan silahlı qüvvələrinin 2022-ci ilin 12-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində həlak olaraq ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Sabahinfo.az-a verilən məlumata görə, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirərək cari ilin sentyabrın 20-də 95 erməni hərbçisinin meyitinə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirildikdən və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən edildikdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib.

Bildirilib ki, Ermənistan hərbçilərinin cəsədlərinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı humanitar proses davam etdiriləcək.