2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 2 saylı Şərur-Kəngərli seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzovun Danyeri və Tənənəm kənd seçiciləri ilə görüşü keçirilib.
Görüşdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Şərur rayon təşkilatının sədr müavini Adil Əhmədov çıxış edərək Yeni Azərbaycan Partiyasının yarandığı gündən etibarən şərəfli yol qət etdiyini, uğurlu fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini deyib.
Deputatlığa namizəd Siyavuş Novruzov görüş zamanı hüquqi və demokratik dövlət olan Azərbaycanda sentyabrın 1-də keçiriləcək parlament seçkilərinin əhəmiyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət kursunun uğurlu nəticələrindən bəhs edib. S.Novruzov YAP-ın ölkəmizin tərəqqisində, müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmlənməsində tarixi rolu və misilsiz xidmətləri barədə danışaraq bildirib: “Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin xalqımıza dəyərli siyasi mirasıdır. Partiyamız bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın milli maraqlarına xidmət edən məqsədyönlü fəaliyyətini davam etdirir. Şübhə yoxdur ki, YAP bu seçkilərdə də xalqın dəstəyi ilə inamlı qələbə qazanacaq. Daim irəliyə gedəcək, yeni zirvələr fəth edəcəyik”.
Çıxış edən seçicilər - Əli Əlisoy, Əli Həsənov, Heydər İsmayılov və digərləri Prezident İlham Əliyevin vətəndaşların rifahı və mənafeyinə xidmət edən siyasətindən məmnunluq və minnətdarlıq hissi ilə bəhs edib, daha qüdrətli Azərbaycan naminə YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.