Davos İqtisadi Formunda ən yüksək səviyyədə iştirakımız ölkəmizin yeni iqtisadi imkanlarının reallaşmasına töhfə verəcək

Dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, elm xadimlərinin, iqtisadçıların iştirakı ilə dünyanın iqtisadi vəziyyətinin, yeni iqtisadi layihələrin müzakirə edilməsi məqsədi ilə hər il ənənəvi olaraq İsveçrənin Davos şəhərində keçirilən iqtisadi formun bu il sayca 53-cü toplantısı baş tutmuşdur. Dünyanın 130-dan artıq ölkəsinin təmsil olunduğu forumda ölkəmizin də geniş tərkibdə iştirak etməsi, cənab Prezident İlham Əliyevin  şəxsən iştirakı və “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxış etməsi son dövrlərdə iştirakçısı olduğumuz bütün beynəlxalq platformalarda olduğu kimi Davos İqtisadi Formunda da Azərbaycanın diqqət mərkəzində olduğunu, region və dünya ölkələri üçün etibarlı tərəfdaşa çevrildiyimizi bir daha təsdiq etdi.

Dünyanın hazırki geosiyasi vəziyyəti, davam edən müharibələr, siyasi güclər arasında qütbləşmənin dərinləşməsi bir çox sahələrdə olduğu kimi iqtisadi əməkdaşlığın davam etdirilməsi, iqtisadi layihələrin planlaşdırılması və həyata keçirilməsi sahəsində müəyyən çətinliklər yaratmışdır. Odur ki, Davos İqtisadi Formu kimi beynəlxalq əməkdaşlığa dəstək olan platformaların əhəmiyyəti artmışdır. Təsadüfü deyil ki, Forumun builki mövzusu “Parçalanmış dünyada əməkdaşlıq”  adlandırılmışdır.

Əlbəttə, belə bir mötəbər Foruma cənab Prezidentin dəvət olunması həm Azərbaycanda mövcud olan təhlükəsizlik, stabillik, bərabərlik, qanunun aliliyi mühitində ölkəmizin iqtisadi inkişafı, xarici investorların cəlb olunması üçün əlverişli şəraitin olması, nəhəng layihələrin icrası üçün etibar və güvənin olması ilə əlaqədardır,  həm də ölkəmizi bu inkişaf səviyyəsinə yüksəldən cənab Prezidentin şəxsi nüfuzu, beynəlxalq arenada ona olan hörmətin və rəğbətin nəticəsidir. Həmçinin, belə beynəlxalq platformalarda ölkəmizə olan diqqət və Azərbaycanla əməkdaşlığa can atan dövlətlərin sayının artması onu sübut edir ki, Ermənistan və onun havadarlarının guya Azərbaycanın beynəlxalq aləmdə təcrid edilməsi ilə bağlı  iddiaları tamamilə əsassızdır. Əksinə, son dövrlərdə ölkəmizin siyasi çəkisinin, iqtisadi potensialının güclənməsi, eyni zamanda dünya dövlətlərinin enerji ehtiyatlarına olan tələbatlarının artması dünyanın diqqətini Azərbaycanın üzərinə çəkmişdir. Bu yeni şəraitdən və yaranmış fürsətlərdən böyük məharətlə istifadə edən cənab Prezident ölkəmizin iqtisadi maraqlarının beynəlxalq səviyyədə daha da yüksək təmin edilməsi üçün mühüm işlər görür. Bu məqamda, xüsusən, iki sahəni-  tranzit-nəqliyyat və enerji sahələrini qeyd etmək lazımdır.

Forumdan bir neçə gün öncə, yanvar ayının 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxış edən Cənab Prezident İlham Əliyev ölkəmizin enerji təhlükəziliyi sahəsində əldə etdiyi nailiyyətlər və qarşımıza qoyduğumuz yeni inkişaf istiqamətləri ilə bağlı geniş məlumat vermişdir. Cənab Prezident Davos İqtisadi Formunda da təbii qaz ixracatımızın artırılması, Azərbaycanın elektrik enerjisinin Avropaya ixrac edilməsi, Cənub Qaz Dəhlizinin mühüm hissələri olan TAP və TANAP qaz kəmərlərinin həcminin artırılması, ölkəmizin bərpaolunan enerji potensialından maksimum istifadə olunması kimi məsələləri yenə də diqqət mərkəzində saxlamışdır. Odur ki, Davos Forumu enerji sahəsində ölkəmizin yeni iqtisadi imkanlarının reallaşdırılmasına, xüsusən də yaşıl və bərpaolunan enerji sahələrinə investisiya cəlb edilməsinə mühüm töhfə verəcək.

Nəqliyyat-kommunikasiya sahəsində də ölkəmiz mühüm inkişaf yolundadır. Yeni avtomobil yollarının, hava limanlarının inşası, dəmir yolu xətlərinin çəkilməsi, Xəzər dənizində ən böyük ticarət limanlarından birinin  məhz ölkəmizə məxsus olması, eləcə də tranzit-nəqliyyatın, beynəlxalq yükdaşımaların ölkəmizin ərazisində ən təhlükəsiz və yüksək səviyyədə təşkil olunması Azərbaycanı həm Şimal-Cənub, həm də Şərq-Qərb marşurutunun ən qabaqcıl ölkələrindən birinə çevirmişdir. Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Bu ildən etibarən artıq neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da həyata keçirməyə başlamışıq. Bütün bunlar olduqca mühüm hadisələrdir. Ölkəmizin nəqliyyat-tranzit mərkəzinə çevrilməsi həm öz ixracatımızı şaxələndirməyə imkan yaradacaq, həm də Orta Dəhliz və Şimal-Cənub marşrutu boyu digər ölkələrlə əməkdaşlığımızı daha da möhkəmləndirərək xarici investorların Azərbaycana cəlb olunmasına, yeni iş imkanlarının yaranmasına və yeni iqtisadi layihələrin planlaşdırılmasına imkan verəcək.

Qlobal miqyasda iqtisadi əməkdaşlıq mühitini əlverişli edən amillərdən biri də ölkələr arasında mehriban münasibətlərin olmasıdır. Bu mənada da ölkəmiz çox şanslıdır, çünki, cənab Prezidentin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində qardaş Türkiyə başda olmaqla türk dünyası ölkələri ilə,  Cənubi Qafqazda daimi dostumuz Gürcüstanla, ərəb ölkələri ilə, Serbiya, Albaniya, Bolqarıstan, İtaliya və digər Avropa ölkələri ilə qarşılıqlı hörmətə əsaslanan dostluq və tərəfdaşlıq münasibətlərimiz mövcuddur.

Onu da qeyd edim ki, Davos İqtisadi Formu müharibədən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesinin əsl vəziyyətini növbəti dəfə dünya ictimaiyyətinə çatdırmaq üçün də əlverişli imkan yaratmışdır. Cənab Prezident bu mühüm beynəlxalq platformadan istifadə edərək bir daha vurğulamışdır ki, beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifimizə cavab verməməklə  Cənubi Qafqazda sülh prosesinə mane  olan tərəf məhz Ermənistandır. Ermənistanın Forumda iştirak etməməsi də bizim Gürcüstanla birlikdə üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı təklifimizin qəbul edilməməsindən irəli gəlir. Bu da bir daha göstərir ki, danışıqlara və əməkdaşlığa açıq olan tərəf Azərbaycan, təklifləri və əməkdaşlıq fürsətlərini rədd edərək destruktiv mövqe tutan isə Ermənistandır.

Bir məqamı da vurğulayım ki, Laçın dəhlizində Azərbaycan ərazisində faydalı qazıntı yataqlarından qanunsuz istifadəyə və təbiətin çirkləndirilməsinə qarşı ekoloqlar tərəfindən başladılmış aksiya artıq 1 aydan çoxdur davam edir. Biz bildirdik ki, Davos İqtisadi Formunun məqsədi dünyanın iqtisadi inkişafına töhfə verməkdir. Dayanıqlı və sağlam iqtisadi inkişafa isə təbii sərvətləri, ekoloji mühiti, təbiəti qorumadan nail olmaq mümkün deyil. Bu mənada dünya birliyi də ekofəallarımıza dəstək olmalı və Azərbaycanın haqlı mövqeyini dəstəkləməlidir.
 
 
 
Milli Məclisin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə Komitəsinin
sədri Ziyafət Əsgərov