Qardaşlıq və qarşılıqlı anlaşma nümunəsi 

“Ölkələrimizi təkcə coğrafiya deyil, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir. Azərbaycan regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Hesab edirəm ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ikitərəfli əsasda qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, həmçinin fəal siyasi dialoqumuz və qarşılıqlı səfərlərimiz bu əməkdaşlıq formatının uğurunda mühüm rol oynayır”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibəsində dilə gətirib.

Dövlət başçısı qeyd edib ki, dinamik şəkildə dəyişən geosiyasi mühitdə və artan regional qarşılıqlı asılılıq şəraitində Bakı və Daşkənd ortaq tarixə, siyasi etimada və regional və beynəlxalq məsələlərə oxşar yanaşmalara əsaslanan yüksək səviyyəli qarşılıqlı əlaqə nümayiş etdirirlər. Bu münasibətlər əsl qardaşlıq və qarşılıqlı anlaşma nümunəsi ola bilər: “ Keçən ilin avqustunda mənim Özbəkistana dövlət səfərim oldu, bu ilin iyulunda isə Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri etdi. Bu tarixi səfərlər zamanı onlarla mühüm sənəd, o cümlədən Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digər sənədlər imzalandı. Qısa müddət ərzində çox böyük işlər görüldü. Bütün bu qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan münasibətlərinin həm ikitərəfli əsasda, həm də Mərkəzi Asiya və Xəzər regionu da daxil olmaqla, vahid coğrafi məkanda yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından bütün sahələrdə möhkəmləndirilməsinə əhəmiyyətli təkan verib. Həmçinin 2023-cü ilin avqustunda təsis edilmiş Ali Dövlətlərarası Şura da münasibətlərimizin inkişaf strategiyasının müəyyənləşdirilməsində xüsusi rol oynayır. Şura artıq qarşılıqlı dövlət səfərləri çərçivəsində 2024-cü il avqustun 22-də Daşkənddə və 2025-ci il iyulun 2-də Bakıda iki iclas keçirib”.

Azərbaycan Özbəkistan əlaqələri iqtisadi münasibətlər kontekstində də inkişaf edir ki, bu da gələcək perspektivlər üçün mühüm əhəmiyyət daşıyır. Neft məhsulları,maşınqayırma və qida məhsulları, nəqliyyat və logistika əməkdaşlığı iqtisadi gündəmdə xüsusi yer tutur. Azərbaycan Prezidenti İqtisadi tərəfdaşlığın yüksək səviyyəsinin göstəricisi olan rəqəmləri qeyd etdi: “Azərbaycanla Özbəkistan arasında ticarət sürətli templə inkişaf edir. Belə ki, 2024-cü ildə əmtəə dövriyyəsi 252 milyon ABŞ dolları təşkil edib və 2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon ABŞ dollarına çatıb”. Qardaş ölkələr bir-birinin iqtisadiyyatına investisiyaları da artırırlar. İnvestisiya əməkdaşlığı 2023-cü ildə ümumi kapitalı 500 milyon dollar olan birgə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılmasından sonra əlavə təkan aldı. Həm Azərbaycanda, həm də Özbəkistanda, eləcə də üçüncü ölkələrdə birgə investisiyalar mümkündür. Azərbaycan qardaş Özbəkistan ilə iqtisadiyyatın bütün sahələrində əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. Bunun üçün güclü siyasi iradə və əhəmiyyətli potensial mövcuddur. Bu günədək iqtisadi münasibətlərimizin daha da inkişafı üçün etibarlı hüquqi baza yaradan təxminən 200 sənəd imzalanıb. Azərbaycan hər iki tərəfin maraqlarına uyğun olan və xalqlarımız arasında dostluğun, tərəfdaşlığın möhkəmlənməsinə töhfə verən qarşılıqlı faydalı əməkdaşlığı bundan sonra da dəstəkləyəcək ".

Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın əsas sahələrindən biri də şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı və tranzit imkanlarının genişləndirilməsi olduğunu vurğuladı: “ Bu sahədə ölkələrimizin Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakı xüsusi əhəmiyyətə malikdir və onun çərçivəsində Azərbaycan Özbəkistan və Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə qismində çıxış edir. Son illərdə Orta Dəhliz vasitəsilə ixrac imkanlarının və daşımaların artması xüsusi strateji əhəmiyyətə malikdir. 2024-cü ildə ölkələrimiz arasında tranzit daşımaların həcmi 2023-cü illə müqayisədə 18 faizdən çox artaraq 1,3 milyon tonu keçib. 2025-ci ilin ilk doqquz ayında bu rəqəm təxminən bir milyon tona çatıb ki, bu da nəqliyyat mübadilələrində dinamik artımı nümayiş etdirir. Azərbaycanda yaradılan müasir nəqliyyat infrastrukturu, o cümlədən ticarət donanması, yaxın illərdə gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və ölkənin doqquz beynəlxalq hava limanı da daxil olmaqla, bütün bunlar Azərbaycanın qlobal nəqliyyat və logistika qovşağı kimi rolunu gücləndirən amillərdir. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək”. Enerji , Azərbaycan və Özbəkistan arasında humanitar və mədəni əməkdaşlıq məsələsinə toxunan dövlət başçısı bu əməkdaşlığın asanlıqla və təbii şəkildə inkişaf etdiyini bildirib. Son illərdə birgə mədəni tədbirlərin, təhsil proqramlarının və akademik mübadilələrin sayının artması, Türk Dövlətləri Təşkilatı çərçivəsində aktiv əməkdaşlıq elm, incəsənət və gənclər siyasəti sahələrində birgə layihələr əlaqələrin inkişafına təkan verir. Onu da qeyd edək ki, qlobal siyasətin əhəmiyyətli dəyişikliklərə məruz qaldığı, ənənəvi əlaqələrin dağıldığı, müharibələrin və qeyri-sabitliyin genişləndiyi bir dövrdə belə bir əməkdaşlığın formalaşması, əlaqələrin dərinləşməsi təkcə iki ölkə üçün deyil region üçün xüsusi əhəmiyyət daşıyır.

Mətanət Səfərli YAP

Nəsimi Rayon Təşkilatının əməkdaşı