Deputat: “Çox yaxşı haldır ki, Prezident ölkədə olan problemlərdən xəbərdardır, onların həlli yolları haqqında düşünür və addımlar atır”

“Prezident İlham Əliyevin nəqliyyatla bağlı narahatlığı açıq şəkildə dilə gətirməsi problemin ən yuxarı səviyyədə qəbul edildiyini göstərir. Bu, əlbəttə, müsbət siqnaldır və ümid yaradır ki, məsələ kağız üzərində yox, real həyatda da həllini tapacaq. Çox yaxşı haldır ki, Prezident ölkədə olan problemlərdən xəbərdardır, onların həlli yolları haqqında düşünür və addımlar atır”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

“Əlbəttə, bu günə qədər də ayrı-ayrı dövlət qurumları tərəfindən problemlər vurğulanıb. Amma açıq demək lazımdır, təkcə çıxışlarla vəziyyət dəyişmir. Problem illərdir ki, məlumdur. Bura plansız yol təmirləri, iş saatlarında əsas küçələrin bağlanması, qurumlar arasında koordinasiyanın zəif olması, ictimai nəqliyyatın hələ də yetərincə cəlbedici olmaması daxildir. Nəticədə ən çox zərər görən isə adi vətəndaşdır ki, onlar  işinə gecikirlər, əsəbləri pozulur, vaxt itirirlər. Əgər doğrudan da dəyişiklik istənilirsə, yol təmirləri əsasən gecə saatlarında aparılmalı, qurumlar bir-biriləri ilə normal əlaqələndirilməli, ictimai nəqliyyat real tələbat əsasında genişləndirilməli və məsul şəxslərdən konkret nəticə tələb olunmalıdır. Ümid var, lakin bu ümidin doğrulması məmurların gündəlik iş üslubunun dəyişməsindən asılıdır. Cəmiyyət artıq bəyanat yox, real rahatlıq görmək istəyir. Yenə də deyirəm ki, Prezidentin dünənki çıxışı, tələbi və təsdiq etdiyi proqram ciddi və konkret nəticəyə hesablanmış fəaliyyətdir”, - deputat bildirib.