Deputat: Ermənistandan fərqli olaraq, Azərbaycan heç kimin “sevimli bacısı” və ya vassalı deyil

Fransanın Avropa və xarici işlər naziri Katrin Kalona səfirlər konfransındakı çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünün qorunması və suverenliyinin tam şəkildə təmin olunması istiqamətində atdığı addımları Qarabağda yaşayan “ermənilərin sıxışdırılması” kimi qiymətləndirərək, bunu “qanunsuzluq və mənəviyyatsızlıq” adlandırıb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə isə Katrin Kalonanın bölgədə sülhə və sabitliyə xidmət etməyən, qatı ermənipərəst mövqeyi ilə seçilən bu açıqlamasını “qanunsuz və qeyri-əxlaqi yanaşma nümunəsi” kimi dəyərləndirib. Xanım nazirin diplomatik davranış normalarını aşan açıqlamasına başqa hansı münasibət göstərilməli idi? Fransa rəsmisinin tutduğu yüksək məqama uyğun olmayan qeyri-etik ifadəsi cəmiyyətimizi nə qədər hiddətləndirsə də, baş verənlərə təəccüblənməməliyik. Çünki bu, Fransadan gələn ilk belə açıqlama deyil.

Bu sözləri Milli Məclisin deputatı Ülvi Quliyev AZƏRTAC-a açıqlamasında söyləyib.

“Bir anlığa fərz edək ki, xanım nazir Azərbaycanın “təqsiri” üzündən Qarabağdakı ermənilərin guya humanitar fəlakətlə üzləşməsi yalanına sidq-ürəkdən inanır və elə bu səbəbdən də emosiyalarını cilovlaya, ifadələri düzgün seçə bilməyib. Bu fərziyyə cəmiyyətimiz üçün ona görə inandırıcı deyil ki, xalqımız Fransa Prezidenti Emmanuel Makronun 44 günlük Vətən müharibəsinin ilk günlərində səsləndirdiyi başqa bir bəyanatını hələ də unutmayıb: “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”. Axı, o vaxt ermənilərin car çəkib, indi haray-həşir saldıqları uydurma “humanitar fəlakət”dən söhbət belə getmirdi. Fransa Senatı və Milli Assambleyası ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlmiş qətnamələri qəbul edərkən də “humanitar fəlakət” kimi uydurma bəhanə ortada yox idi. Fransa hökuməti sözdə bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır, amma onun real əməlləri və bu cür bəyanatları başqa mətləblərdən xəbər verir. Azərbaycanın ərazi bütövlüyünün qorunması və suverenliyinin tam şəkildə təmin olunması məqsədilə erməni separatizminə qarşı atdığı addımlar Fransa rəsmilərini nəinki məyus edir, hətta onları qeyri-etik ifadələrdən istifadə səviyyəsinədək hiddətləndirir. Fransa hökuməti ərazi bütövlüyü ilə bağlı bəyanatında səmimi olsaydı, Qarabağ erməniləri üçün nəzərdə tutduğu “humanitar yük” karvanını Ermənistan üzərindən deyil, razılıq əldə etməklə Azərbaycan ərazisindən, Ağdam-Xankəndi yolu ilə həyata keçirərdi. “Sevimli bacıları”nın Qarabağdakı başıpozuq, separatçı təmsilçilərinə də tövsiyə edərdi ki, “humanitar fəlakət” uydurmasına ən azından dünyanı “inandırmaq” üçün Bakının yardım maşınlarını qəbul etsin. Təəssüf ki, bunu eşitmək əvəzinə, fransalı nazirdən qeyri-etik, ranqına uyğun olmayan ifadələr eşidirik”, - deyə deputat qeyd edib.

Ü.Quliyev bildirib ki, rəsmi səviyyədə atılan bu cür addımlardan sonra Fransanın Azərbaycan ilə oturuşmuş diplomatik münasibətlərini sırf erməni sevdasına görə qəsdən pozmaq yolunu seçməsi təəssüratı yaranır. Onun BMT-də müzakirəyə çıxarmaq istədiyi növbəti anti-Azərbaycan ruhlu qətnamə təşəbbüsü də bununla bağlı ictimai qənaətin möhkəmlənməsinə xidmət edir. Amma Fransa hökuməti ilə yanaşı, Ermənistana havadarlıq edən digər dairələr də bilməlidir ki, Ermənistandan fərqli olaraq, Azərbaycan heç kimin “sevimli bacısı” və bölgədə vassalı deyil. Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan beynəlxalq münasibətlərin müstəqil və bərabərhüquqlu subyektidir. Ermənistanı aşırı sevgi ilə əzizləyən dairələrlə yanaşı, Cənubi Qafqazda onu özünün forpostu hesab edənlərə də yaxşı məlumdur ki, Ermənistan de-yure müstəqil olsa da, bu, çoxdan de-fakto belə deyil. Fərqli siyasi mərkəzlər arasında vurnuxmağa məhkum olan Ermənistan suveren hüquqlarının əksər hissəsindən özü və çoxdan imtina edib. Azərbaycan xalqı isə 32 il əvvəl - avqustun 30-da Ulu Öndər Heydər Əliyevin təklifi ilə Azərbaycan Respublikasının Ali Sovetində qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannaməni və 1991-ci il 18 oktyabr tarixli “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Akt”nı bu illər ərzində göz bəbəyi kimi qoruyub. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər həm də Azərbaycanın vaxtilə etdiyi bu seçimə sadiqliyinin, təzyiq və təhdidlərə baxmayaraq, öz ərazi bütövlüyündən və suverenliyindən imtina etməməsinin məntiqi nəticəsidir.

“Buna görə bədxahlarımız onu da bilməlidir ki, bu müqəddəs dəyərlərimizin qorunması naminə istənilən ölkə ilə onun təşəbbüs etdiyi münasibətlər səviyyəsinə keçə də bilərik. Fransa hökumətinin beynəlxalq hüquqa və BMT Nizamnaməsinə, eləcə də bu mötəbər təşkilatın 30 il əvvəl qəbul etdiyi məlum dörd qətnaməsinə zidd olan təşəbbüs və bəyanatları sonda ölkələrarası diplomatik münasibətlərin səviyyəsinə təsir edəcəksə, Azərbaycan buna da hazırdır. Ümid edirik ki, Natali Qule kimi Fransa siyasətçiləri bir gün öz cəmiyyətlərini indiyədək qəbul edilmiş anti-Azərbaycan ruhlu qətnamə və bəyanatların Fransanın dövlət maraqlarına zidd olmasına inandıra biləcəklər. Bunun ilk işartıları özünü artıq göstərir. Nigerdə və Qabonda, bütövlükdə Afrikada baş verən son hadisələrlə bağlı Fransanın Baş naziri Elizabet Born elə bu günlərdə etiraf edib ki, onun ölkəsinin “diplomatiyası bu il böhranlarla üzləşib”. Belə davam edərsə, bu tendensiyanın yalnız Afrika ilə məhdudlaşmayacağı və Avrasiya məkanına da transfer olunacağı heç kimdə şübhə doğurmamalıdır. Əgər bir erməni sevdası buna dəyirsə və bu sevda bütövlükdə Fransanın dövlət maraqlarını üstələyə biləcəksə, belə bəyanatları bundan sonra tez-tez eşidəcəyik. O vaxt fransız xalqı öz rəsmiləri ilə bağlı hansı qeyri-etik ifadələrdən istifadə edəcək, bunu da zaman göstərəcək. Unutmayaq ki, fransızların leksikonu kifayət qədər zəngindir”, - deyə Ülvi Quliyev diqqətə çatdırıb.

Deputat bildirib ki, bütün dünya Ağdam-Xankəndi yolunu, əslində, kimin bağladığını və separatçı ünsürlərdən ucuz bir alət kimi istifadə olunduğunu artıq yaxşı görür. Hər kəs, ilk növbədə, Ermənistanın himayədarları onu da bilməlidir ki, bu ünsürlər Qarabağdakı mülki erməni əhalisinin iradəsini təmsil etmir. Qarabağda həqiqətən “humanitar fəlakət” yaşansaydı, həmin yol beton plitələrlə bağlanmaz və Bakıdan göndərilən yardıma “yox” deyilməzdi. Qarabağ erməniləri Bakının deyil, separatçı ünsürlərin girovluğundadır. Xanım nazir də görməlidir ki, onları azərbaycanlılar deyil, bir ovuc separatçı ünsür qəsdən və mifik siyasi ambisiyaları naminə sıxışdırır, öz millətinə qarşı, sözün həqiqi mənasında, mənəviyyatsızlıq edir.