Deputat: Mina xəritələrinin alınması azad edilmiş ərazilərdə tikinti və yenidənqurma layihələrinin icrasını sürətləndirəcək

Ermənistan işğal dövründə Azərbaycanın Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə təqribən 92 min minaya dair xəritələri iyulun 3-də Rusiya Federasiyasının təşəbbüsü ilə Azərbaycan tərəfinə təqdim edib. Ağdamdan sonra Füzuli və Zəngilan ərazisində mina xəritələrinin əldə edilməsi Prezident İlham Əliyevin diplomatik məharəti və Azərbaycan diplomatiyasının növbəti uğurudur. Xəritələrin əldə edilməsinin insan itkisinin qarşısının alınmasında da əhəmiyyəti danılmazdır. Belə ki, bunun nəticəsində on minlərlə Azərbaycan vətəndaşının, o cümlədən minatəmizləyənlərin həyatı təhlükədən xilas ediləcək. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə dövlətimizin başçısı tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrinin icrası sürətlənəcək və məcburi köçkün soydaşlarımızın tezliklə doğma torpaqlarına qayıtmalarına imkan yaranacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanov bildirib.

Deputat qeyd edib ki, Füzuli və Zəngilanda 92 min minanın basdırılması, Ağdamdan sonra bu rayonların ən çox minalanmış ərazilərimizdən olduğunu göstərir və dünyaya erməni vandalizminin daha bir nümunəsini nümayiş etdirir.

Ağdamdan sonra ən böyük infrastruktur layihələrinin Füzulidə reallaşdırılması, bu rayonun strateji əhəmiyyət kəsb etməsi, bütün yol-nəqliyyat infrastrukturunun bu rayonun ərazisindən keçməsi də mina xəritələrinin alınmasının nə qədər zəruri olduğunu göstərir.

“Öz növbəsində Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin olunmuş cəza müddəti bitmiş 15 nəfər ermənini Ermənistana təhvil verib. Bu, Ermənistandan fərqli olaraq, Azərbaycanın humanist dövlət olduğunu göstərir”.