Deputat Salyan rayonunun problemlərinə toxundu

Azərbaycan Respublikasının 2026-cı il Dövlət  büdcəsi ilk növbədə, dövlət başçısının müəyyən etdiyi əsas prioritetlərin dayanıqlı iqtisadiyyatın, sosial rifahın, təhlükəsizliyin və çevik idarəetmənin maliyyə təminatını reallaşdırır.

Bu çıxışda rəqəmlərə müraciət etmədən konseptual olaraq Azərbaycanın keçdiyi yola, yeni dünya düzənində enerji və iqtisadi transformasiyanın mahiyyətinə, 2026–2029-cu illəri əhatə edən büdcə arxitekturasına və strateji yol xəritəsinə nəzər salmaq istərdim.

Ölkəmiz artıq “resurslara əsaslanan dövlət” modelindən “imkanlar yaradan dövlət” modelinə mərhələli şəkildə keçərək, təkcə neft gəlirlərinin bölüşdürülməsi ilə məhdudlaşmır, əksinə, investisiya axınlarını strateji istiqamətlərə yönəldən, innovasiya və modernizasiyanı stimullaşdıran, iqtisadiyyatın yeni inkişaf fəlsəfəsini formalaşdıran aparıcı dövlət aktoruna çevrilir.

Bu kontekstdə xüsusi vurğulanmalıdır ki, 2026-cı il dövlət büdcəsində həm neft gəlirlərinin, həm də Dövlət Neft Fondundan ayrılan transfertlərin azaldılması məqsədyönlü dövlət siyasətidir. Bu addım fiskal konsolidasiya deyil, iqtisadi modelin yenilənməsinin, qeyri-neft sektorunun dayanıqlı inkişafının maliyyə əsaslarını formalaşdıran strateji qərardır. 
Prezident İlham Əliyev  bu mərhələni belə xarakterizə edir ki:
“Biz neftdən asılılığı azaltmalı, qeyri-neft sahələrini əsas inkişaf    xəttinə çevirməliyik. Azərbaycanın gələcəyi bilik iqtisadiyyatında, texnologiyada və yaşıl enerjidədir.”
“Əgər bu gün biz post-neft dövrünə hazırlaşmasaq, sabah gec olacaq.”
Qlobal enerji sistemi artıq köhnə məntiq üzrə fəaliyyət göstərmir: OPEC-in hesabatlarında enerjiyə təlabat 2050-ci ildə daha çox, yəni 85% artacağı göstərilir. 
Bu kontekstdə 
• Bərpa olunan enerjiyə keçid sürətlənir,
• OPEC və digər beynəlxalq təşkilatlar neft tələbatının sabitləşdiyini bildirirlər
• Karbon emissiyalarının azaldılması siyasətləri sərtləşir,
• Yeni enerji dəhlizləri formalaşır,
• Geosiyasi güc balansları dəyişir.
Bir məqamı da qeyd etmək istərdim ki, bu gün enerji yalnız iqtisadi resurs deyil, həm də diplomatik təsir və strateji təhlükəsizlik aləti kimi çıxış edir.
Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu son illərdə daha da güclənib. Yaşıl enerjiyə keçidlə bu daha da artacaqdır.
Qlobal iqlim çağırışları fonunda Azərbaycan enerji siyasətinin əsas sütunlarından biri – yaşıl enerji transformasiyasını daha da sürətləndirilməlidir.
Bununla bağlı  Xəzər dənizində irimiqyaslı külək enerji layihələrinə hazırlıq işləri aparılır,
•    günəş və külək parkları fəaliyyətə başlayır,
•    Azad edilmiş ərazilər və Naxçıvan Muxtar Respublikasının ərazisi “yaşıl enerji zonası” elan edilib.
•    Nəticədə 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin elektrik enerjisi istehsalında payı 14%-dən 30%-ə, qoyuluş gücündə payı isə 18%-dən 37%-ə çatdırılacaq.
Prezident İlham Əliyev bu strategiyanın mahiyyətini belə açıqlayır:
“Bizim hədəfimiz Azərbaycanı yaşıl enerji ixrac edən ölkəyə çevirməkdir. Bu, həm iqtisadi, həm də ekoloji baxımdan strateji prioritetimizdir.”
Dünya Bankının hesablamalarına görə, yaşıl enerji investisiyaları:
• ÜDM artımını sürətləndirir,
• Minlərlə yeni iş yeri yaradır,
• İxrac portfelini diversifikasiya edir,
• Xarici sərmayəni cəlb edir.
Hazırkı və gələcək büdcə çərçivəsində bu tipli hesabatların nəzərə alınması, bu sahənin gələcək inkişafda mühüm rol oynaya bilər.
Eyni zamanda tullantıların enerji çevrilməsi, enerji səmərəliliyi və təkrar istehsal kimi istiqamətlərin büdcədə ayrıca dəstəklənməsi də vacib məsələlərdəndi. 
Bu məqsədlə:
• “Yaşıl Tullantı və Enerji Fondu”nun yaradılması,
• Enerji çevrilməsi layihələrinin maliyyələşdirilməsi,
• Bu sahədə illik nəticələrin büdcə hesabatında ayrıca göstərilməsi səmərəli olardı.
Bu tədbirlər həm ekoloji dayanıqlığı, həm də enerji keçidini daha sürətli və iqtisadi cəhətdən faydalı edə bilər.
Sonda təmsil etdiyim Salyan rayonundakı bir neçə problemi də çatdırmaq istərdim. Belə ki, 7 yeni məktəbin tikilməsinə, 17-sini isə əsaslı təmirinə, o cümlədən Qarabağlı-Qaraçala-Kürsəngi 27 km-lik yolun təmirinə çox böyük ehtiyac var. Xahiş edirəm nəzərə alasınız. 
Büdcəni dəstəkləyir, onu hazırlayanlara  təşəkkür edirəm.

Sadiq Qurbanov 
Milli Məclisin deputatı