Deputat şəhidi polkovnik-leytenant Vidadi Xəlilovun anım günündə

31 oktyabr 2026-cı il tarixində 92 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisinin deputatı Məzahir Əfəndiyev seçki dairəsi ərazisinə növbəti səfərini edib. Səfər çərçivəsində deputat ilk növbədə Göyçay rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra deputat Göyçay şəhidlər xiyabanında rayonunun İkinci Qarabağ Müharibəsi şəhidi polkovnik-leytenant Vidadi Xəlilovun anım günü münasibətilə əziz xatirəsini dərin hüznlə anıb, şəhidimizin ailəsinə başsağlığı verib. O, İkinci Qarabağ-Vətən müharibəsində Azərbaycan xalqının vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyini, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı Möhtəşəm Zəfər nəticəsində bütün şəhidlərimizin, qəhrəmanlarımızın qanının yerdə qalmadığını vurğulayıb. 

Şəhid Vidadi Vaqif oğlu Xəlilov 16 iyul 1982-ci il tarixində Göyçay şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərb məktəbini bitirmiş və həmin ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətinə başlayaraq polkovnik-leytenant hərbi rütbəsinə qədər yüksəlmiş, çətin və şərəfli inkişaf yolu keçərək Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində döyüş hazırlığı bölmə rəisi vəzifəsinə layiq görülmüşdü.

Polkovnik-leytenant Vidadi Xəlilov İkinci Qarabağ – Vətən Müharibəsi zamanı Füzuli, Murov, Qubadlı, Laçın istiqamətlərində hərbi əməliyyatlar apararaq həmin ərazilərin işğaldan azad olunmasında yaxından iştirak etmişdir. 

O, 31 oktyabr 2020-ci ildə Laçın dəhlizi uğrunda gedən qanlı döyüşlərdə qəhərmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Doğma yurdu olan Göyçay şəhəri Şəhidlər Xiyabanında böyük izdihamla dəfn edilmişdir.

Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamına əsasən Vidadi Xəlilov ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.

Bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.