Deputatdan hakimlərlə bağlı təklif

"Milli Məclisdə Apellyasiya Məhkəmələrinə namizədlərin təyin edilməsi zamanı müzakirələrin ümumi ruhu cəmiyyətdə yalnış qənaət yaratmamalıdır. Biz unutmamalyıq ki, hakimlərin 3 illik hakim stajı 3 illik təcrübə demək deyil, bu insanların hər birinin ən azı 10 ildən yuxarı məhkəmə-hüquq sistemində təcrübəsi var. Yəni, bu gün təyin etdiyimiz hakimlərdən heç kim ilk dəfə 3 il əvvəl məhkəmə zalına girməyib".

E-huquq.az xəbər verir ki, bunu millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, hər bir hakim ilk dəfə seçilərkən 2 ilə yaxın bir dövrdə ağır tədrisdən, ciddi bilik və bacarıq sınaqlarından keçir: "Yəni, indi bu gün onların təcrübə, bilik və bacarıq məsələsi hesab edirəm ki, müzakirə mövzusu deyil. Digər tərəfdən, məlumdur ki, apellyasiya instansiyasında hakim işə təkbaşına baxmır, işlər 3 nəfərdən ibarət məhkəmə tərkibi tərəfindən səs çoxluğu ilə həll edilir. Yəni, yeni təyin olunan hakim istəsə belə, onun bir qayda olaraq səhv buraxmasına şərait olmur. Təbii ki, məhkəmə tərkibi yalnış qənaətə gələ bilər, amma belə hallar tərkibdəki hansısa hakimin gəncliyi yaxud təcrübəsizliyindən qaynaqlana bilməz".

Millət vəkili qeyd edib ki, hazırda hüquq münasibətləri inkişaf edir, eləcə də ədalət mühakiməsinin həyata keçirilməsinin forma və mahiyyətində də kifayət qədər yeni tələblər ortaya çıxır: "İnformasiya texnologiyalarının, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar imperativ qaydalar var və belə bir fonda hakim qarşısında yeni tələblər ortaya çıxıb. İndi əvvəlki dövrlərdən işləyən nisbətən yaşlı, çox təcrübəli, çox müdrik, çox dəyərli hakimlərlə müqayisədə gənclik bu yeniliklərə daha tez uyğunlaşır və tətbiq edir. Mən bir daha deyirəm, yaşlı hakimlərin çox zəngin və qiymətli təcrübəsi hər zaman bizim üçün qiymətlidir, lakin biz hakimləri irəli çəkərkən yaş məsələsini yox, göstəriciləri əsas tutmalıyıq. Bu mənada mən apellyasiya məhkəmələrinin hakimliyinə namizədlərin yeni dövrün tələblərinə tam şəkildə cavab verdiyi qənaətindəyəm və layihənin lehinə də səs verdim. İnanıram ki, onların hər biri hakim andına sadiq qalaraq Azərbaycanda güclü müstəqil məhkəmə hakimiyyətinə öz töhfələrini verəcəklər".