DİN elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq etdi - VİDEO

Müasir dövrün inqilabi yeniliklərindən olan süni intellekt artıq “E-Polis” mobil tətbiqinə inteqrasiya edildi. Bundan sonra vətəndaşlar onları maraqlandıran məsələlər barədə ünvanladıqları suallara süni intellekt vasitəsilə operativ şəkildə cavab ala biləcəklər. 

DİN-in Mətbuat Xidmətindən Sabahinfo.az-a bildirilib ki, yeni çat-bot funksionallığı ilkin olaraq sınaq məqsədilə “E-Polis” platformasında və “e-xidmet.mia.gov.az” elektron xidmətlər portalında istifadəyə verilib. Yəni vətəndaşlar müxtəlif xidmətlər haqqında tez-tez ünvanlanan suallara süni intellektin köməkliyi ilə dərhal cavab ala biləcəklər. Xidmətlərin izahı, müraciət qaydaları, tələb olunan sənədlər, istifadə prosesinə dair məlumatlar və digər ümumi suallar çat-botun cavab bazasına daxildir. Bu isə istifadəçilərin əlavə izahat axtarışına ehtiyac duymadan məlumatla təmin edilməsinə və müraciət prosesinin daha anlaşıqlı olmasına şərait yaradır.

Sınaq dövründə əldə olunan nəticələr çat-botun funksiyalarının genişləndirilməsi üçün baza rolunu oynayacaq. Toplanacaq rəy və müşahidələr əsasında gələcək mərhələlərdə daha ağıllı cavablandırma mexanizmlərinin əlavə olunması, səsli müraciət imkanları və ehtiyacdan asılı olaraq xidmətin yönləndirməsi funksiyalarının inkişaf etdirilməsi nəzərdə tutulur.

Beləliklə, bu yeniliyin tətbiqi vətəndaşların elektron xidmətlərə daha sürətli, rahat və fasiləsiz çıxışını təmin edəcək, əlavə vaxt itkisinin qarşısını alacaq və məlumat əldə etmə prosesini sadələşdirməklə vətəndaş məmnunluğunun daha da yüksəldilməsinə effektiv təsir göstərəcək.