Diplomatiya və informasiya müstəvilərində qazandığımız qələbənin göstəricisi

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1992-ci illərin əvvəllərindən başlayaraq daha çox beynəlxalq əhəmiyyətli problemə çevrildi. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) tərəfindən Azərbaycan ilə Ermənistan arasındakı ərazi münaqişəsinin həlli üçün yaradılan Minsk qrupu mövcud çoxtərəfli vasitəçilik mexanizmlərinin köhnə formatını təcəssüm etdirirdi. 1994-cü ildə atəşkəs razılaşması imzalandıqdan sonra Ermənistan Azərbaycan ərazisinin beşdəbirini işğal etdi. Minsk qrupu mövcud olduğu 30 il ərzində münaqişənin həlli üçün heç bir səmərəli addım atmadı, bu da Azərbaycanı təşəbbüsü öz əlinə almağa və ötən il sentyabrın 27-də başlayan 44 günlük müharibədə status-kvonu dəyişdirməyə məcbur etdi. Bu, münaqişənin mahiyyətini kökündən dəyişdi. Müharibə nəticəsində Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazisinin böyük hissəsini azad etdi.
44 günlük müharibədə ölkəmiz döyüş meydanında olduğu kimi, diplomatiya cəbhəsində də çox böyük və bundan sonra hələ xeyli danışılacaq, müzakirə olunacaq, mahiyyəti daha da aydın anlaşılacaq əhəmiyyətli digər bir zəfərə də imza atdı. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq məqsədilə Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilirdi. Lakin bütün bu maneələrə baxmayaraq, Prezident, Ali Baş Komandan İlham Əliyev yüksək diplomatik peşəkarlıq, əzmkarlıq, qəti siyasi iradə nümayiş etdirərək, bütün çətinliklərə müdrikliklə sinə gərərək onların hamısını aradan qaldırdı.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 27 sentyabr 2021-ci il tarixdə Anım Günü ilə əlaqədar xalqa müraciətindəki qürur dolu və qətiyyətli nitqi, ondan əvvəl isə BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrindəki çıxışında, eləcə də Fransanın “France 24” televiziya kanalına verdiyi müsahibələrində toxunduğu məsələlər, o cümlədən İranın yük maşınlarının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsini və bunun Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik olduğunu qeyd etməklə, buna son qoyulmasının zəruriliyini vurğulaması, Ermənistana və onun havadarlarına ünvanladığı tutarlı ismarıclar hər bir azərbaycanlını sevindirməklə və qürurlandırmaqla Azərbaycan xalqının özünəgüvənliyini daha da artırdı.Ölkə başçısı müsabibə zamanı qeyd etmişdir ki: “Onlar bizim necə cavab verdiyimizi bilir və İkinci Qarabağ müharibəsi onların bizim qarşımızda heç bir şansının olmadığını göstərdi. Biz müharibəyə başlamaq istəmirik. Bu, bizə lazım deyil. Danışıqlar aparılan illər ərzində bu, bizə heç vaxt lazım olmayıb. Lakin indi hesab edirəm ki, revanşizm səylərindən vaz keçmək və gələcəyə doğru baxmaq üçün onlara xəbərdarlıq etmək vaxtıdır”.
Azərbaycan Prezidenti növbəti dəfə xatırlatdı ki, bu status məsələsini gündəliyə gətirmək istəyənlər öz ərazilərində erməniləri yerləşdirmək və öz ərazilərində ikinci Ermənistan dövləti yaratmaq üzərində düşünsünlər.
Bu müsahibə bir daha sübut etdi ki, Avropanın son onillərdə ölkəmizə qarşı qərəzli mövqe tutan mətbuat vasitələri də artıq Azərbaycan reallıqlarını qəbul etmək məcburiyyətində qalıblar. Bu isə bizim 44 günlük müharibədəki hərbi və siyasi qələbəmizin ardınca, diplomatiya və informasiya müstəvilərində də qazandığımız qələbənin göstəricisidir.
Millətinə xidməti həyat amalına çevirmiş, xalq qarşısında verdiyi vədləri əməlləri ilə hər zaman doğruldan müdrik rəhbər, peşəkar siyasətçi, mahir diplomat və yenilməz sərkərdəcənab İlham Əliyev Azərbaycanın son bir neçə əsrlik tarixinə ən uğurlu il kimi düşən ötən il hərbi və diplomatik-siyasi yolla işğal altında olan ərazilərimizi düşmən tapdağından azad etməsi və Vətən müharibəsində qazanılan möhtəşəm qələbə ölkə başçısının yürütdüyü siyasətin alternativsiz olduğunun növbəti təzahürüdür. Böyük tarixi qələbədən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş torpaqlarımızda sevinc və qürur dolu çıxışları, səmimi paylaşımları xalqımız tərəfindən böyük maraq və fərəhlə qarşılanmaqla hər birimizdə sözlə ifadə oluna bilməyən iftixar hisləri yaradır. Bütün bunlar dövlət başçısının və birinci xanım Mehriban Əliyevanın vətənə, yurda, torpağa və xalqa bağlılığının təcəssümüdür.