Dövlətçilik maraqlarına zərbə vuranlar...

Ermənistan təcavüzkar siyasətini davam etdirmək və mümkün olan bütün vasitələrdən yararlanaraq bölgədə dayanıqlı sülhə mane olmağa çalışır. Dünya ictimaiyyətinə bu faktı heç bir şübhəsiz məlum olsa da, Ermənistan və havadarları Azərbaycana qarşı kampaniya apararaq rəsmi Bakını aqressor kimi təqdim etməyə çalışırlar. Təəssüf ki, bu məsələdə bir çox hallarda Azərbaycan hakimiyyətinə qarşı müxalif mövqedə dayandığını iddia edən, əslində isə dövlətçilik maraqlarına zərbə vuranlardan yararlanırlar.
Mənə həmişə maraqlı gəlib: insan öz ölkəsinin milli maraqlarına necə qarşı ola bilər? Necə ola bilər ki, bu torpaqda doğulan, boya-başa çatan bir kimsə öz ölkəsinə gecə-gündüz qara yaxsın, təcavüzkar kimi təqdim etsin, dövlətinə qarşı sanksiya tələb etsin?
Bu gün Azərbaycan əsgəri ərazi bütövlüyünü qorumaq uğrunda düşmənlə üz-üzə dayanıb. Neçə-neçə Vətən övladları bu yolda sağlamlığını itirib, şəhid olub. Öz xalqına, onun dövlətinə, ordusuna qarşı bu nifrət hardan qaynaqlanır?
“Dəmir yumruq” əməliyyatı ilə əldə edilmiş zəfər qələbəsi Azərbaycana olan beynəlxalq münasibətləri kökündən dəyişdi. Qafqazda yeni formatda fəaliyyət göstərəcək birliklərin reallaşması baş verdi. Qələbə xalqın milli birliyinin, həmrəyliyinin və əsgərinin döyüş zəfəri, qanı və canı ilə qazanıldı. Bu gün “beşinci kolon” nümayəndələri həm ölkəmizdə, həm də dünyanın istənilən yerində Azərbaycana pislik etmək arzusu ilə yaşayır və mübarizə aparır, ünvanımıza çirkab püskürürlər. Öz xalqına uğursuzluq arzulayan, öz vətənini xaosa, anarxiyaya sürükləməyə çalışan, öz dövlətinin problemlərlə üzləşməsinə çalışan adamların atdığı addımlar müxalifətçilik prinsipləri ilə deyil, düşmənçilik münasibətləri ilə üst-üstə düşür. Bu gün dövlətimizin bütün nailiyyətlərinə kölgə salmağa çalışan AXCP, erməninin müdafiəsinə səsini qaldıran Altay Göyüşov, ölkə xaricindən gecə-gündüz antiazərbaycan təbliğatı aparan “bloger” dəstəsi və bənzərləri yaxşı başa düşməlidirlər ki, tutduqları mövqeyləri, söylədikləri fikirləri ilə cəmiyyətimizdə özlərinə qarşı yalnız ikrah hissi doğururlar.

İnsan müxalif düşüncəli ola bilər, bu normal bir haldır və dünyanın hər yerində müxalifət mövcuddur. Amma Vətəninə, millətinə, dövlətçiliyinə qarşı öz şəxsi maraqları naminə müxalifətdə yer almaq müxaliflik sayılmır. Bunun bir adı var: xəyanət!…
Görünür, vaxtilə müxalifət təmsilçiləri "hətta şeytanla da əməkdaşlığa gedərik" deyəndə bunları nəzərdə tuturmuşlar. Avropadakı və Amerikadakı ermənipərəst dairələrlə marağı üst-üstə düşən radikal müxalifət əslində, iqtidara yox, xalqa, Azərbaycan dövlətinə, milli maraqlarımıza qarşı mübarizə aparır. Vətən müharibəsi dövründə “beşinci kolon” Azərbaycan Ordusunun məğlub olacağını xəyal edirdi. Ancaq 44 günlük Vətən müharibəsində ordumuz düşməni darmadağın etdi, torpaqlarımız işğaldan azad edildi. Şübhəsiz ki, qələbəmiz xarici düşmənlər kimi bəzi “milli nankorlar”ı da məyus edib. Çünki bu zəfər Azərbaycanı beynəlxalq arenada nüfuz və güc sahibi olduğunu bir daha sübut etdi. Bu tarixi qələbə milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya göstərdi. Bu isə onlar və onların havadarları üçün dözülməsi mümükün olmayan reallıqdır.

Əminə Ağazadə

Milli Məclisin deputatı