Dövlətimizə böyük inam var 

 “Azərbaycanın geostrateji mövqeyi və həyata keçirilən siyasət kursu dövlətimizin nüfuzunun hər gün daha da artmağı ilə nəticələnir. Azərbaycan uğurla dünya birliyinə inteqrasiya olunur. Bu gün hansısa uğurlu regional layihələri Azərbaycan faktoru olmadan nəzərə almaq qeyri-mümkündür. Ölkəmiz dünya üçün əhəmiyyətli, mühüm qlobal siyasi proseslərin əsas aktorlarından biridir”.

Politoloq Ramiz Alıyev  bu mövzu ilə bağlı Lent.az-a  bildirib ki, bütün dönəmlərdə balans siyasəti yürüdən dövlətlər qalib ölkə hesab edilir. 

"Həm diqqətlərini öz ölkələrinin daxili siyasətinə yönəldərək daha da  inkişaf eləyir, həm də digər xarici ölkələrin hər biri ilə mehriban münasibətini qoruya bilir. Azərbaycan çox mürəkkəb bir coğrafi  regionda yerləşir, burada tərəf olmaq o qədər də uğurlu siyasət deyil, balans siyasəti yürütmək daha məntiqlidir. Ümumilikdə onu qeyd etməliyəm ki, balans siyasəti yürütmək tərəfsiz qalmaq deyil, balans siyasəti hər bir ölkə ilə qarşılıqlı hörmət əsasında əməkdaşlığın qurulması, beynəlxalq hüququn tanıdığı qaydalar əsasında addımlar atmaq və o, qaydalara uyğun atılan addımları dəstəkləmək, sülhün tərəfdarı olmaq, bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmaq, dövlətlərin daxili siyasətinə qarışmamaq və s.”

Ekspert qeyd edib ki, beynəlxalq təşkilatlarda sərgilədiyimiz siyasi mövqe bir çox ölkələr tərəfindən nümunə olaraq göstərilir. İstər hökumət nümayəndələrinin, istərsə də  parlamentarilərin  beynəlxalq təşkilatlarda  iştirakı zamanı həyata keçirilən siyasət məhz cənab Prezidentin apardığı siyasətə uyğun olaraq həyata keçirilir balanslaşdırmış, heç bir ölkənin daxili işinə qarışmamaq və sülhü dəstəkləyən siyasət. 

“Bütün bunların nəticəsidir ki, dövlətimizə böyük inam var və bir çox beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinə heç bir ölkə etiraz etmir, eyni zamanda bir çox beynəlxalq təşkilatlara sədrliyi də Azərbaycan edir. Bütün bunların əsasında ağıllı siyasət durur!  Biz xoşbəxt xalqıq ki, ölkəmizin rəhbəri cənab İlham Əliyev dünya siyasətini çox yaxşı bilməklə yanaşı, həm də Ulu Öndərimizin siyasətini uğurla davam etdirir”- deyə Ramiz Alıyev vurğulayıb.