Dünya siyasətinin lideri

"Dünyada təhlükəsizlik zonası yoxdur, hətta müasir hərbi avadanlıq belə uzun məsafələrə təhlükəsizliyi təmin etmir. Təhlükəsizlik siyasi yolla təmin olunmalıdır". İlham Əliyev

İnformasiya müharibəsində də müzəffər Ali Baş Komandan olan Prezident İlham Əliyev dünya siyasətində liderlik edir.

Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev həmkarları üçün əlçatmaz olan fitri istedadı, uzaqgörən müdrik siyasəti, dərin zəkası, zəngin intellektual səviyyəsi və yüksək mədəniyyəti ilə dünyanın aparıcı telekanallarına, xüsusilə də əvvəlcədən öyrədilib göndərilmiş "erməni virusu"na yoluxdurulmuş qərəzli jurnalistlərə böyük səbr və təmkinlə verdiyi çoxşaxəli möhtəşəm müsahibələri ilə dünya siyasətində liderlik edir, sanki yer kürəsini, dinləyiciləri dünyanı idarə edən beynəlxalq mərkəzlərin siyasi ideoloqları olan bir auditoriyaya çevirir, onlara əxlaqın siyasəti, və siyasətin əxlaqından dərs keçir, siyasi möhtəkirlərə, ədalətsiz beynəlxalq birliklərə liderliyin kökündə əxlaqa söykənən ədalətin olduğunu özünün timsalında fakt olaraq göstərir və onları ədalətə səsləyir!...

Zəngin, siyasi bilik tələb edən sərrast hazırcavablığı ilə dünyanın diqqətini özünə cəlb edən cənab İlham Əliyev, işğalçı Ermənistanın davamlı hərbi təcavüzünə məruz qalan Azərbaycanın öz torpağında Vətəni müdafiə etdiyini, BMT Təhlükəsizlik Şurasının 30 ildir icra edə bilmədiyi məlum 4 qətnaməsinin tələblərini yerinə yetirdiyini və bu haqq müharibədə heç bir beynəlxalq hüququ və müharibə qaydalarını pozmadığını, ermənilərdən fərqli olaraq dinc əhaliyə təhlükə yaratmadan 1949-cu il Cenevrə Konvensiyasına riayət etdiyini beynəlxalq aləmə sübut edərək, təkzibedilməz faktlarla dünya ictimaiyyətinin gözü qarşısında mənfur qüvvələri ifşa etdi.

Sosializm sisteminin süqutuna səbəb olan kapitalizmin baş ideoloqu, yeni dünya nizamının əsasnaməsi sayılan məşhur "Texnotron era" adlı kitabın müəllifi, siyasətçi və dövlət xadimi Zbiqnev Bjezinski ulu öndər Heydər Əliyev haqqında demişdir: "Heydər Əliyevin ölümü ilə dünya siyasətində bir boşluq yarandı!" Ancaq dünyada gedən ictimai-siyasi proseslərdəki fəaliyyəti onu göstərir ki, cənab İlham Əliyevin simasında o boşluq artıq dolmuşdur...

Belə ki, dünyada gedən ictimai-siyasi prosesləri bizim əleyhimizə yönəldən və Azərbaycan haqqındakı həqiqətləri özümüzdən də yaxşı bilən, Dağlıq Qarabağ ətrafında cərəyan edən bütün hadisələri, əvvəldən axıra qədər bizdən də artıq izləyən və həqiqətləri beynəlxalq ictimaiyyətdən gizlədərək açıqdan-açığa onları müdafiə edən ermənipərəst dünya birliklərinin qərəzli hücumlarına sinə gərmək, onların Dağlıq Qarabağ həqiqətləri ətrafında yaratdıqları 30 illik informasiya blokadasını darmadağın etmək, riyakar Paşinyanın dövləti və hərbi cinayət törədərək soyqırım siyasəti aparan faşist olduğunu, əsrlərdir ki, ermənilərin özləri haqqında dünyada yaratdıqları mifi belə darmadağın etmək və heç vaxt olmadığı kimi beynəlxalq aləmdə dünyanın gözündən salmaq və bütün bunların fövqündə öz millətinin adını və şərəfini ucaltmaq, məhz milli vətənpərvərlik, iti zəka, fitri istedad, zəngin siyasi bilik və igidlik tələb edir.

Təsadüfi deyildir ki, o vaxt Sultan (qızıl) Əbdülhəmidi yıxmadan Osmanlı İmperiyasını devirə bilməyən qüvvələrin törəmələri ulu öndər Heydər Əliyevi vəzifəsindən uzaqlaşdırılmasına nail olduqdan sonra Dağlıq Qarabağı işğal edən qüvvələr, bu gün torpaqlarımızı işğaldan azad edə biləcək yeganə qüvvə cənab İlham Əliyev olduğunu çox gözəl bildiklərindən bütün güc və səylərini onun hakimiyyətini devirməyə cəhd edirdilər.

Mən bütün məsuliyyətimlə deyərdim ki, ataya ağıl öyrədən və onu yaşca böyük qəbul edib, lakin ağılca böyüklüyünü qəbul etməyən gənc gələcəkdə xoşbəxt ola bilməz. Bizim zaman-zaman uduzmağımızın səbəbi milli birliyimizin olmamasındadırsa, onun da səbəbi öz liderimizi vaxtında görüb dəyərləndirə bilməməyimiz olub. İştirakçısı olduğumuz məlum hadisələrdən, bəlalardan, oddan-alovlardan bizi xilas edən böyük şəxsiyyətlərimizi etiraf edək ki, vaxtında və lazımi qədər dəyərləndirə bilməmişik. Bir az keçmişə ekskursiya edib başımıza gələn hadisələri təhlil edəndə öz-özlüyümüzdə bunların təsdiqini tapmış oluruq. Belə ki, 30 ildir yalan vədləri və mənasız bəyanatları ilə vaxtı uzadan ATƏT-in Minsk qrupunun məqsədi məhz cənab İlham Əliyevin Prezidentlik səlahiyyətlərinin qurtarmasına hesablanmışdı. Lakin gördülər ki, Azərbaycan xalqı müdriklik edib onun prezidentlik səlahiyyətlərini artırdı və onda başa düşdülər ki, yox, onların məkrli planları işləməyəcək və bu vaxtı gözləməyərək çoxdan xərçəng kimi içimizə yaydıqları "beşinci kalon"u və onun simptomlarını işə saldılar və cənab İlham Əliyevin hakimiyyətini devirməyi ön plana çəkdilər. Çünki bilirdilər ki, cənab İlham Əliyev nəinki Qarabağı, hətta keçmiş əsrlərdə ermənilərə verilmiş torpaqlarımızı da geri alacaqdır. Lakin, 44 günlük vətən müharibəsi öz işini gördü... Prezidentlə öz xalqı arasında uçurum yaradan qüvvələr aradan qaldırıldı, xalq öz liderinə qovuşdu, onu olduğu kimi görə bildi və onu yenidən kəşf etdi.

Qədirbilən müdrik Azərbaycan xalqı öz liderini yaxından tanıdı, ona güvəndi və sevdi. Bütün Azərbaycan xalqı bir yumruq kimi onun ətrafında birləşdi. Azərbaycan tarixində misli-bərabəri görünməyən, müharibədə qələbəmizə zəmanət verən və heç vaxt sarsılmayacaq bugünkü möhtəşəm ümumxalq birliyi yarandı! Bu, məni qələbəmiz qədər sevindirir ona görə ki, bütün xalqımız öz lideri ilə arasında yaradılmış gözəgörünməz "Çin səddini" yarıb keçə bildi, onda olan böyük vətənpərvərliyi, bir ali baş komandan kimi məğlubedilməz fitri istedada malik olduğu bu yüksək dəyərləri görə bildi və möhtəşəm ümumxalq birliyi sarsılmaz oldu.

Məhz, Ümummilli lider Heydər Əliyev siyasi kursunu həyata keçirən ölkə prezidenti cənab İlham Əliyev, milli vətənpərvərlik ruhunda yetişdirdiyi gənclərdən ibarət yaratdığı müzəffər ordunun Ali Baş Komandanı kimi, "Dəmir yumruq"u işə salaraq, 44 günlük Vətən müharibəsindəki qazandığı möhtəşəm tarixi zəfərin ilhamverici qüvvəsi, vətənpərvərliyimizin, milli-mənəvi dəyərlərimizin bariz ifadəsi kimi ümumxalq birliyimiz oldu!.. Təəssüflər olsun ki, dünyanın mütərəqqi dövlətlərinin fəxrlə dilə gətirdiyi "Dəmir yumruq"un qazandığı beynəlxalq nüfuzunu düşmənlərlə bərabər içimizdə də həzm edə bilməyənlər varsa, bu, milli ideologiyanın çatışmazlığına dəlalət edir. Bu gün inkişaf etmiş rabitə və texnologiyalar sayəsində kütləvi informasiya vasitələrinin internet vasitəsi ilə dünyada daxil olmadığı bir ev belə qalmamışdır. Yer kürəsi sanki bir aula dönüb. Hər şeyin gün kimi aydın olduğu belə bir şəraitdə cəmiyyətdən heç nəyi gizlətmək mümkün olmadığı halda, açıq-aşkar Ermənistanın hərbi təcavüzünü dəstəkləyən və özünü müdafiəyə qalxaraq, öz torpaqları uğrunda Vətən müharibəsi aparan Azərbaycana qarşı birləşən dünya güclərinin qarşısında Ali Baş Komandan cənab İlham Əliyevin necə məğrur dayandığını, hansı güclərə və necə qalib gəldiyini görməmək və ya görməzdən gəlmək Vətənə xəyanətdən başqa bir şey deyildir. Cənab İlham Əliyev 44 günlük Vətən müharibəsi ilə başlana biləcək üçüncü dünya müharibəsini Qafqaz orbitindən çıxardı. Bu, Qafqazın və mən deyərdim ki, bəşərin xilaskarı kimi yazılmayan bir qəhrəmanlıqdır. Zahirən ermənilərlə, daxilən bütün dünyaya qarşı özünü müdafiə müharibəsi aparan müzəffər Ali Baş Komandan cənab İlham Əliyev dövrümüzün qəhrəmanlıq salnaməsi olan 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəsi ilə Azərbaycan ordusunun yenilməzliyini və xalqımızın adını tarixə qızıl hərflərlə yazdı, ata vəsiyyətini yerinə yetirdi. Xaqımızın 200 illik yarasına məlhəm qoydu. 28 il ərzində BMT TŞ-nin daimi üzvü olan üç böyük nüvə dövlətinin, dünyanın aparıcı ölkələrinin belə qandıra bilmədiyi işğalçı erməniləri, siyasət aləminin ədalət rinqində "Dəmir yumruq" qandırdı. Azərbaycanı və Azərbaycan xalqını sevən hər bir vətənpərvər insan tək Vətən müharibəsindəki qələbəsinə görə yox, həm də adımızı və sanımızı da özününküləşdirən ermənilərin özləri haqqında yaratdıqları minillik mifi dağıtdığına, maskalarını cıraraq iç üzlərini açdığına və oğurlanmış adımızı, nüfuzumuzu özümüzə qaytardığına və başımızı ucaltdığına görə cənab İlham Əliyevə borcludur. Onun Vətən, xalq qarşısında titanik fəaliyyəti danılmazdır.

Dövrümüzün qəhrəmanlıq salnaməsi kimi tarixə düşən 44 günlük Vətən müharibəsindən sonra da davam edən informasiya müharibəsinə də Ali Baş Komandanlıq edən cənab İlham Əliyev, verdiyi müsahibələr və beynəlxalq görüşlərində qazandığı davamlı siyasi uğurları ilə özü öz yubileyinə hədiyyələr etmiş, xalqına isə onu yalnız alqışlamaq, təbrik etmək imkanı yaratmışdır.

Əziz və çox hörmətli Prezident cənab İlham Əliyev! Sizi 60 illik yubileyiniz münasibəti ilə bütün Heydərsevərlər ordusu adından səmimi-qəlbdən təbrik edir, Sizə ən böyük nemət olan cansağlığı və ali fəaliyyətinizdə vətən və xalq naminə yeni-yeni uğurlar diləyirəm. Allah sizi və ailənizi qorusun!

Əziz xalqım, bu gün 44 günlük Vətən müharibəsində qalibiyyətimizin səbəbkarı kimi düşmən qüvvələrin hədəfində məhz cənab İlham Əliyevdir! Onu göz bəbəyi kimi qorumalıyıq.

O Allahdan bir nemətdir!
Onu düşməndən qoruyaq!
Özü bütöv bir millətdir-
Milləti şərdən qoruyaq!

Yubileyiniz mübarək, cənab Prezident.

Həsən Şirinov
General-mayor, Qızıl qələm mükafatı laureatı