Dünyaya örnək olan Azərbaycan təcrübəsi

Erməni kilsəsinin yaratdığı “ermənilik” sindromu öz faşist təzahürlərinin yeni formasını XXI əsrdə də özündə əks etdirmişdir. Bu sindrom Ermənistanın faktiki olaraq uçuruma aparılmasına, böhrana və müstəqilliyinin asılı vəziyyətə salınmasına düçar edən acı sonluqla nəticələnməsini qaçılmaz etmişdir. Həqiqət isə budur ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması kimi aqoniya nə qədər davam etdisə, Ermənistanın müstəmləkəçiliyin qurbanına çevrilməsi bir o qədər dərinləşdi.

Azərbaycanın atdığı addımların isə əslində, belə siyasi riyakarlığın, zərərli ideologiyanın təsirindən regionu xilas etmək siyasətinə söykəndiyi o zaman qarşı tərəfin havadarlarına agah oldu ki, artıq Ermənistan bütün beynəlxalq, regional layihələrdən təcrid olunub, iqtisadi cəhətdən sarsılıb, çökməyə məruz qalmışdı. Açıq həqiqətdir ki, Azərbaycanın çox ağıllı və düşünülmüş şəkildə balanslaşdırılmış siyasi kursu Ermənistanda fəaliyyət göstərən belə xunta rejiminin iflasa uğradılmasını qaçılmaz etmişdir.

Bu siyasət heç də təsadüfün nəticəsi deyil, siyasi məharətin və mütərəqqi baxışların reallıqdan doğan təzahürü idi. Ölkəmizin irəli sürdüyü mütərəqqi təşəbbüsləri Ermənistanın dərk etməməsi, aqressiv mövqeyi, siyasi naşılığı Azərbaycanın bölgədə yeni reallıqları bərqərar etməsi kimi iradəni ortaya qoymasına zərurət yaratdı.

Neçə illərdir ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi öz təşəbbüsləri ilə BMT Baş Assambleyasının iclaslarında, digər çoxsaylı beynəlxalq tədbirlərdə dünyanın millətçilik və işğalçılıq meyillərindən imtina edib yeni dünya nizamında ədalətin, bərabərliyin, insan haqlarının, demokratiyanın tərəfdarlarını sözdən əməli işə çağırırdı. Çox təəssüflər olsun ki, beynəlxalq siyasətin söz sahiblərinin milyonlarla insanların taleyinə, tapdanmış hüquqlarına münasibəti “qara qüvvələrin” əlində vasitəyə çevrilərək idarə olunması özünü göstərdi.

Bu zaman beynəlxalq güc mərkəzlərinin fəaliyyətinə olan inamın itməsi isə təbiidir. Tam elmi əsaslıdır ki, Azərbaycanın belə həssas məqamda bəşəriyyətin taleyinə yanaşma konsepsiyası birmənalı olaraq yeni reallıqların bərqərar olması üçün həm stimul, həm də zərurətdir. Bir faktı qeyd etmək yerinə düşür ki, Vətən müharibəsinin nəticələrindən sonra işğaldan azad olunmuş ərazilərdə 30 ilə yaxın hökm sürmüş acınacaqlı vəziyyət vandalizmin və erməni vəhşiliklərinin analoqunun olmadığını göstərir. Bəs, belə özbaşınalığa göz yumulmasının izahı hansı anlama gəlir? Deməli, erməni faşizmi və onların havadarlarının dünyanı hansı fəlakətlərlə üz-üzə qoyması faktı açıqca görünən həqiqətlərdir. Müharibədən sonra terrorçu, təxribatçı hərəkətlərə cəhdlər isə Ermənistanı yenə də faciəyə düçar edən təfəkkürdən ayılmamasının göstəricisindən başqa bir şey deyildir.

Bu gün Azərbaycan ictimaiyyətində və xarici dövlətlərin bəzi dairələrində səslənən Azərbaycanın Vətən müharibəsindəki hərbi-geosiyasi-ideoloji gücünə dair təhlillərin mahiyyət baxımından hələ uzun illər müzakirə obyekti olacağı tam əsaslıdır. Lakin bu proses mahiyyət və nəticə baxımından dəqiq və əsaslı qənaətlərin olmasını tələb edir. Məsələn, bir sıra revanşist dairələrin “Dağlıq Qarabağın statusu tam olaraq müəyyənləşmədən bu müharibə heç vaxt bitməz”, - kimi iddiaları köhnə xülyalara söykənir. Belə yanaşma aydın məsələdir ki, münaqişə haqqında uzun illər formalaşan “nə sülh, nə müharibə” formatının təsiri altına düşməyin təzahürüdür. Azərbaycanın ərazi bütövlüyünə qarşı edilən cəhdlər Azərbaycanın iradəsi ilə heç vaxt müzakirə mövzusu olmayıb.

Azərbaycan dünyaya isbat etdi ki, xalqın mövcudluğu onun Vətən təəssübkeşliyindən bilavasitə asılıdır və xalqlar bu həqiqətdən doğan nicat yolunu tutmalıdır. Ötən 30 ildə Azərbaycanın apardığı balanslaşdırılmış siyasət onu göstərdi ki, həyata keçirilən beynəlxalq layihələr, iqtisadi-siyasi əməkdaşlıq kursu xalqların inteqrasiyası üçün elə bir doğru yoldur ki, onların milli inkişafını şərtləndirən mühüm amildir.

Azərbaycan o dövlətlərdəndir ki, öz mövqeyində xalqların müqəddəratlarının önəmini tolerant və multikulturalizm ənənələrində artıq təsdiq edib. Bu gün Azərbaycanın dünyaya örnək olan təcrübəsini öyrənmək və tətbiq etmək mütərəqqi konsepsiya kimi çox önəm kəsb edir. Bu siyasətin kökündə dayanan birgəyaşayışın inkişaf üçün yeganə düzgün yol olduğunu inkar etmək mümkün deyil. Ona görə də Ermənistanın işğalçı timsalında Qafqaz regionunda münaqişənin həll olunmamasında maraqlı dövlətlərin fəaliyyətsizliyi və onun acı nəticələrini bir çox dünya dövlətləri etiraf etməkdə və onu qınaq obyektinə çevirməkdə tam haqlıdırlar.

Əminə Ağazadə
Milli Məclisin deputatı