"Dünyaya təqdim edilən sülh mesajı"

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı,  ölkəmiz  müstəqillik əldə etdikdən sonra  Azərbaycanda da dövlət səviyyəsində qeyd edilir. Qurban sülh, bərabərlik, bütün insanlara sevgi, paylaşmaq, fədakarlıq kimi mənəvi dəyərlərdən faydalanmaq bayramıdır. Mənəvi saflığımızda, təkamülümüzdə, ruhi təmizliyimizdə mühüm əhəmiyyət kəsb edən bu bayramda insanlar Allaha daha da yaxınlaşır, mənən  pak və kamil olurlar. 
   Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə inamlı və davamlı olaraq həyata keçirilməsi nəticəsində bu gün Azərbaycanın regionun lider dövlətinə, eləcə də, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır. Əldə edilmiş mühüm siyasi və iqtisadi uğurlar cəmiyyətin  bütün sahələrinin güclü inkişafı, o cümlədən, sosial problemlərin həllinə yönəlmiş dövlət proqramlarının uğurla reallaşdırılmasını  şərtləndirir. 
     Cənab Prezidentin həyata keçirdiyi dövlət siyasəti özündə proqressiv modernləşmə keyfiyyətləri  ilə yanaşı, Azərbaycan xalqının milli – mənəvi dəyərlərini də əks etdirir. Onun daimi qayğısı sayəsində çoxəsrlik adət və mərasimlərimizin bu gün də yaşaması təmin olunur. Bu isə milli- dini mənəviyyatımızın dirçəldilməsi prosesinə böyük töhfə verir. Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti mövcuddur və etnik-mədəni müxtəliflik qorunub saxlanılır. Hər il ölkəmizdə rəsmi şəkildə qeyd edilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir, cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirir. Bu cəhətlər Azərbaycanı dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanıdır.
Azərbaycan İslam mədəniyyətinin inkişafına böyük töhfə verir. Azərbaycan müsəlman dünyasının ayrılmaz parçası kimi tarix boyu İslam mədəniyyətinin inkişafına, tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə misilsiz töhfələr bəxş etmişdir. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaratmışdır;
      Prezident İlham Əliyev və Respublikanın Birinci vitse- prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dini abidələr, məbədlər, ziyarətgahlar əsaslı şəkildə bərpa edilir,  yeniləri tikilir, dini əqidəsinə görə vətəndaşlar arasında ayrı-seçkiliyə yol verilmir. Dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin və islamofobiyanın  geniş yayıldığı bir dövrdə ölkəmizdə bərqərar olan dini və mədəni  tolerantlıq  modeli dünyaya təqdim edilən  bir sülh mesajıdır. Artıq dünyanın bütün ölkə və xalqları Azərbaycanın dinlərarası, mədəniyyətlərarası dialoqun səmərəli inkişafına töhvə verən bir ölkə olduğunu qəbul edir. 
       Ulu Öndər Qurban bayramlarında xalqa müraciət edəndə deyirdi ki: “İnanıram ki, bu müqəddəs bayram günlərində böyük xalqın bəxş etdiyi nemətlərə görə minnətdarlığınızı bildirməklə yanaşı, Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpa edilməsi, xalqımızın xoşbəxt həyata qovuşmasını diləyirsiniz. Əminəm ki, arzu və diləkləriniz Allahın köməyi və xalqımızın qeyrəti ilə həyata keçəcəkdir. Xalqımızın haqq işi qalib gələcəkdir. Şəhid balalarımızın ruhlarının şad olacağı gün – Vətən torpağının mənfur düşmən tapdağından tamamilə azad ediləcəyi və taleyinə qaçqınlıq, köçkünlük düşmüş həmvətənlərimizin öz doğma yerlərinə qayıdacaqları gün uzaqda deyildir”. Bəli, bu il biz Qurban bayramını xüsusi olaraq qeyd edirik. Qurban bayramında müsəlmanlar Allah yolunda hər bir fədakarlığa hazır olduqlarını nümayiş etdirdikləri kimi Vətən müharibəsində də bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən naminə canlarından keçməyə belə hazır olduqlarını göstərdilər. Bu, Azərbaycan xalqının böyüklüyünün və öz ali dəyərlərinə sadiqliyinin ən parlaq ifadəsi idi. Öz dərin tarixi kökünə, milli və dini dəyərlərinə sidq ürəkdən bağlı olan Azərbaycan anası, Azərbaycan atası öz övladının qanını və canını Vətən yolunda əsirgəmədi, qurban verdi.  Qurban bayramı Allah yolunda fədakarlığın, İkinci Qarabağ müharibəsi isə Vətən yolunda fədakarlığın təntənəsidir. Vətən müharibəsində qazanılan Zəfər xalqımızın qurbanlarının və dualarının qəbul olunduğunun göstəricisidir.
Qurban bayramında Prezident İlham Əliyev  xalqa müraciət edərkən bildirirdi ki,  “ Bu günlər ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və firavanlığı üçün Allaha dualar səslənir, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, bu Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir. Ümidvaram, bütün xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır”.
Bir daha xalqımızı  Müqəddəs Qurban bayramı münasibəti ilə ürəkdən təbrik  edir, uzun ömür can sağlığı və fəaliyyətinizdə  yeni-yeni uğurlar arzulayıram. Allah bütün kəsilən qurbanları və duaları qəbul etsin.
 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, 
professor Hicran Hüseynova