Əbədi qayıdışın bariz nümunəsi

44 günlük Vətən müharibəsində əldə etdiyimiz parlaq Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin edilmiş və nəticədə 30 illik işğala son qoyulmuşdur.  Bu gün dövlətimizin başçısı İlham Əliyevin ali rəhbərliyi altında Qarabağ və ətraf rayonlarımız yenidən dirçəlir, bir sözlə əzəli yurdumuz cənnətə çevrilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər. Həkəri çayının sahilində, Bulvar ərazisində Uşaq İncəsənət Festivalının yay düşərgəsində finala çıxmış şagirdlərin rəssamlıq, dekorativ-tətbiqi sənət və digər istiqamətlər üzrə əsərlərinin təqdimatları olub. Burada, həmçinin Laçın mətbəxindən nümunələr təqdim edilib, “Hünər meydanı”nda zorxana, pəhləvanlar və kəndirbazların çıxışları olub, qiraətçilər laçınlı şairlərin şeirlərini səsləndiriblər.

Laçınlıları Şəhər Günü münasibətilə ürəkdən təbrik edən cənab Prezidentimiz bir sıra mühüm əhəmiyyətli tarix faktları diqqətə çatdırdı. Bizim müstəqil həyatımızda may ayı faciəli bir ay idi - çünki 8 mayda Şuşa, 18 mayda Laçın işğal edildi. İşğal bizi içəridən sarsıdırdı və bu işğal digər torpaqlarımızın işğal altına düşməsinin başlanğıcı idi. Çünki birinci Şuşa, ondan sonra Laçın işğal olunmuşdur. 

Bəli, cənab Prezidentin qeyd etdiyi tarixi hadisə əslində xalqımızın tarixində yaşadığı ən böyük faciələrdən biri idi. Bizim həmvətənlərimiz öz doğma dədə-baba torpaqlarından zorla qovuldu. Onlar əzəli torpağını 30 ilə yaxın bir müddət idi ki tərk etmişdi. Ermənistanın işğalçılıq siyasəti bütün dünyanın, beynəlxalq təşkilatların gözü önündə baş versə də, bu hadisəyə düzgün qiymət verilməmişdi. Necə ki, bu ötən 30 ilə yaxın müddətdə də verilmədi. Yalnız Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, güclü iradəsi, peşəkar rəhbərliyi və Ordumuzun şücaəti hesabına işğala son qoyuldu. Cənab Prezidentimizin dəfələrlə işğaldan azad olunan ərazilərimizə, eləcə də Laçına səfərlər etməsi, bir daha onu göstərir ki, artıq biz dədə-baba yurdumuza əbədi olaraq qayıtmışıq və burada yaşayacağıq. Aparılan bərpa-quruculuq işləri, Laçına və digər doğma rayonlarımıza həmvətənlərimizin köçürülməsi məhz cənab Prezidentin təşəbbüsü və göstərişi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramının uğurlu icrasının göstəricisidir. Eyni zamanda biz cari ilin aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. Bəli, həqiqətən də bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Çünki, biz öz suveren ərazimizdə istədiyimiz tədbiri həyata keçiririk və keçirməyə də qadirik.

Digər bir faktı da qeyd etməliyəm ki, Prezident İlham Əliyevin söylədiyi “ Əminəm ki, siz öz dədə-baba torpağınızda rahat, xoşbəxt yaşayacaqsınız. Siz buna layiqsiniz. 30 il siz həm fiziki, həm də mənəvi əzab çəkmisiniz. Bu gün isə artıq dirçələn Laçın, dirçələn Qarabağ, dirçələn Şərqi Zəngəzur bizim gücümüzü göstərir və onu göstərir ki, biz istədiyimizə hər zaman nail oluruq” bu sözlər laçınlıları daha da ruhlandırmış, onlara böyük stimul olmuşdur. Həqiqətən də öz doğma yurdunda yaşamaq insanı xoşbəxt edir, ona rahatlıq və azadlıq bəxş edir.  Bu möhtəşəm tarixi hadisəni yaşadığımıza görə biz hər birimiz Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə və Onun rəhbərlik etdiyi yenilməz Ordumuza təşəkkür edirik! Ölkə Prezidenti Azərbaycanın ərazi bütövlüyünün tam olduğunu, suverenliyimizi poza və heç kimin bizim iradəmizin əksinə qanunsuz addımlar ata bilməyəcəyini bütün dünyaya sübut edib, qızıl hərflərdən ibarət şanlı tarix yazdı. Biz bu tarixi sevməli, qorumalı və onu hər yerdə təbliğ etməliyik ki, bütün dünya şahid olsun ki, həqiqətən də Azərbaycan xalqı qüdrətli, iradəli və güclü xalqdır. Laçınlıların Şəhər Gününü öz doğma torpaqlarında qeyd etməsi möhtəşəm tarixi hadisədir və ən əsası əbədi qayıdışın bariz nümunəsidir.

Rafiq Əliyev,

YAP Yevlax rayon təşkilatının sədri