"Əcnəbi tələbələrin tibbi sığorta ilə təmin olunmaları mütləqdir" - Deputat

"Müzakirə etdiyimiz qanun layihəsindən çox uzaqlaşmamaq şərti ilə sığorta mövzusunda aktual və vacib olan bir məsələyə toxunmaq istəyirəm. Bu məsələ eyni zamanda, həm də təhsil sahəsi ilə əlaqədardır. Qonşu Gürcüstanda qanunvericilikdə xarici ölkələrdən olan tələbələrin məcburi tibb sığortası həyata keçirilir". 

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnur Allahverdiyev deyib.

"Bu, tələbələr qarşısında şərt kimi qoyulur. Yəni sığorta olmazsa, təhsili davam etdirmək mümkün deyil. Bu, həm də yaşayış yeri ilə təminat baxımından da problemlər deməkdir. Bildiyim qədər, bizdə xarici tələbələrin qarşısında belə tələb qoyulmur. Sadəcə tövsiyyə edilir. Yalnız qrant əsasında ölkəmizdə təhsil alan əcnəbilər dövlət tərəfindən 200 AZN dəyərində sığortalanır. 

Bu baxımdan, təklif edərdim ki, biz də bu məsələyə diqqət yetirək. COVİD-19 pandemiyası bizə tibbi sığortanın vacibliyini əyani şəkildə nümayiş etdirdi. Hər gün mediada daha bir növ yeni virusun peyda olduğuna dair xəbərlər yayımlanır. Fikrimcə, Azərbaycana müxtəlif ölkələrdən gələn xarici vətəndaşların, ali məktəblərimizdə oxuyan əcnəbi tələbələrin tibbi sığorta ilə təmin olunmaları mütləqdir. Eyni zamanda, bu, yerli sığorta şirkətləri üçün də mühüm dəstək ola bilər".