Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə Xalq şairi, tanınmış dramaturq və ictimai xadim Səməd Vurğunun “Şair, nə tez qocaldın sən!” şeiri təqdim olunur.
Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri Səməd Vurğunun bu il 120 illiyi tamam olur. Xalq şairinin yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti “Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Kino tariximizin ən məhşur kinofilmlərindən olan “Yeddi oğul istərəm”, “Aygün” filmləri, “Talıstan” və “Muğan” poemaları, “Vaqif” və “Fərhad və Şirin” dramları kimi ölməz əsərlər, sevdiyimiz bir çox seirlər cəmi 50 il ömr sürmüş Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun qələminə aiddir. S.Vurğun Nizaminin “Leyli və Məcnun”, Ş.Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, A.S.Puşkinin “Yevgeni Onegin”, M.Qorkinin “Qız və ölüm” poemalarını da tərcümə etmişdir. S.Vurğun irsinə çoxsaylı poema və tərcümələr, dörd pyes, xalq tərəfindən çox sevilən şeirlər aiddir.
Azərbaycan şairi, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar İttifaqının sədri, Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan SSR-i Elmlər Akademiyasının akademiki və vitse-prezidenti olan S.Vurğun bir çox mükafatlara layiq görülmüşdür. Böyük şairin xatirəsinə heykəl ucaldılmış və kantata yazılmış, onun adı Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına və küçələrə verilmiş, Bakıda ev-muzeyi yaradılmışdır. S.Vurğun şeirləri bu gün də dillər əzbəridirsə, demək o yaşayır, sevilir, oxunur. Mərkəzi Kitabxananın Fəxri oxucusu, yazıçı Şahzadə İldırım hazırladığı maraqlı videoçarxda Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin S.Vurğunun “Azərbaycan” şeirindən səsləndirdiyi bir parça təqdim edilir. Videoçarxda şairin ömrünün sonlarında xəstə yatağında ikən yazdığı “Şair, nə tez qocaldın sən!” şeirini Şahzadə İldırım səsləndirir.
Bu şeir S.Vurğunun fiziki qocalığı ilə ruhunun cavanlığı arasındakı təzadı, ömrünü xalqına həsr etməsinin qürurunu və ömrünün sonuna yaxınlaşan şairin kövrək, lakin məğrur etirafını əks etdirir. Videoçarx aşağıdakı keçiddə təqdim olunur: