Edilli erməni terrorunun bariz nümunələrindən biridir

Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi məzarlığın aşkar edilməsi- erməni terrorunun bariz nümunələrindən biridir.

Xalqımız XX əsrdə bir neçə dəfə erməni vandalizminə məruz qalıb, etnik təmizləmə siyasətinin qurbanına çevrilmişdir.  Artıq ötən əsrin 80-ci illərin sonundan ermənilər aktiv şəkildə azərbaycanllara qarşı cinayət törədir, onları yaralayır, qətlə yetirir, müxtəlif işgəncələr verirdilər. Birinci  Qarabağ müharibəsi zamanı bu hadisələr daha da şiddətlənmiş və genişlənmişdir. Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejimin silahlı hərbi birləşmələri və Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq norma və prinsiplərinin, o cümlədən “Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında” 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələblərinin kobud surətdə pozularaq, 1993-cü ildə milli zəmində Azərbaycan Ordusunun hərbi qulluqçuları olması ehtimal edilən əsir düşmüş 25 şəxsin öldürülməsi və Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi dəfn edilməsi müəyyən olunmuşdur. Qeyd etməliyik ki, Xocavənd rayonunun Edilli kəndi ərazisinə bu il fevralın 23-26-da baxış keçirilərkən kütləvi məzarlıqdan 7 şəxsə aid, sentyabrın 14-30-da isə 18 şəxsə aid insan sümük qalıqları aşkar edilmişdir. Güman edilir ki, belə kütləvi məzarlıqlar yenə da aşkarlana bilər. 30-ilə yaxın bir müddətdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən soyqırımı, etnik təmizləmələr, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlərin törədilməsi bütövlükdə bəşəriyyətə qarşı yönələn qəbuledilməz bir davranışdır.    

Müasir beynəlxalq hüququn xüsusi sahəsi – beynəlxalq münaqişələr hüququ və ya beynəlxalq humanitar hüquq müharibələr və ya hər hansı silahlı münaqişələrdə davranış qaydalarını tənzimləyərək, döyüş aparılmasının müəyyən üsulları və vasitələrini məhdudlaşdırır və ya qadağan edir, mülki əhalinin, münaqişədə olan tərəflərin silahlı qüvvələrinə daxil olan yaralıların, hərbi əsirlərin hüquqlarını təmin edir. Ancaq biz yenə də görürük ki, Ermənistan heç bir beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmir, əksinə hər addımda onu pozur. Hətta özünü qoşulduğu  və iştirakçısı olduğu hər hansı hüquqi sənədlərə məhəl qoymur. Belə ki, Ermənistan müharibə qurbanlarının müdafiəsini təmin edən 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların 8 iyun 1977-ci ildə qəbul edilən iki Əlavə Protokolunun iştirakçısı olmasına baxmayaraq, 30 ilə yaxın bir müddətdə beynəlxalq humanitar hüququn hamılıqla tanınan norma və prinsiplərini pozaraq, öz beynəlxalq-hüquqi öhdəliklərinə etinasız və məsuliyyətsiz münasibət göstərmişdir.   Onlar bu hüquq pozuntusunu təkcə hərbi əsir və yaralılara deyil, mülki şəxslərə, o cümlədən qadın və uşaqlara, qocalara da tətbiq edərək  onlarla qeyri-insani rəftar etmişdir, həmin şəxslərə  işgəncələr verərək, qətlə yetirmişdir. 

Bu günə qədər 3890 itkin düşmüş azərbaycanlı girov və hərbi əsirlərin aqibəti haqqında Ermənistan məlumat verməyərək, öz beynəlxalq öhdəlilərini pozmaqda davam edir. 

Azərbaycan isə  Ermənistandan fərqli olaraq beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə hər zaman sadiq olmuşdur. Dörd Cenevrə konvensiyasının iştirakçısı olan dövlətimiz, humanizm prinsipini rəhbər tutaraq daima beynəlxalq humanitar hüququn normalarına riayət etmişdir, öz daxili qanunvericiliyində onların tam və dolğun implementasiyasını həyata keçirmişdir. 44 gün davam edən Vətən Müharibəsi zamanı döyüş yerində min kilometrlərlə uzaqda yerləşən şəhər və kəndlərimiz qadağan olunmuş raket bombaları ilə dağıdan, mülki insanların, o cümlədən qadın və uşaqların qətlə yetirən Ermənistandan fərqli olaraq Azərbaycan ordusu, əsgər və zabiti bütün müharibə qanunlarına əməl edərək ləyaqətlə döyüşdü.  Hətta sentyabr Ermənistanın törətdiyi hərbi təxribatları zamanı Azərbaycan əsgəri yaralanmış erməni əsgərinə tibbi yardım etməsini bütün dünya gördü. Biz  bu sahədə çox fəal işəməliyik, ermənilərin törətdiyi vandalizmi bütün beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Elə kütləvi məzarlıqlar tapılan yerlərdə, tanınmış alimlər, mütəxəssislər, nüfuzlu beynəlxalq elm təşkilatlarınin iştirakı ilə forumlar, seminarlar keçirməliyik, daha çox təbliğ etməliyik.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,

professor Hicran Hüseynova