Əhalinin sosial müdafiəsini yaxşılaşdırmaq dövlətimizin daimi diqqət mərkəzindədır

Dünən Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə birinci oxunuşda müzakirə edilən qanun layihəsi  pensiya islahatlarının davamı kimi pensiya artımlarının vahid indeksasiyası metodunun tətbiqinin genişləndirilməsi və habelə 2022-ci ildə əmək  pensiyaçılarına ödənilən maddi yardımın 2023-cü il yanvarın  1-dən etibarən pensiyaların tərkibinə daxil  edilməsi istiqamətləri üzrə hüquqi bazanın yaradılmasını özündə ehtiva edir.
“Əmək pensiyaları haqqında” Qanun layihəsi pensiya təminatı sistemində sosial sığorta prinsipinin daha da möhkəmləndirilməsinə, pensiyaların inflyasiyanın mənfi təsirlərindən qorunmasına və əhalinin böyük bir təbəqəsinin  sosial müdafiəsinin  daha da yüksəldilməsinə xidmət edir. Təklif olunan vahid indeksasiya metoduna keçid qulluq stajına görə əlavə almaq hüququ  olan şəxslərin pensiyasının əvvəlki  metoda nisbətən daha çox artmasına, onların sosial rifahının  yaxşılaşmasına kömək edəcəkdir. Eyni zamanda,dəyişikliklərə əsasən, bütün növ əmək pensiyalarının məbləğləri hər il vahid qaydada indeksləşdirilərək artırılacaq və pensiyaların indeksləşdirilərək tamamilə  elektronlaşdırılması mümkün olacaqdır.
Layihənin pensiya alan bütün  şəxsləri  tam əhatə etməsi dövlətimizin və hökumətimizin əhalinin sosial müdafiəsini daimi diqqət mərkəzində saxladığının yeni  bir  təsdiqidir.


Səbinə XASAYEVA,
Milli Məclisin deputatı