“Dərman vasitələri haqqında qanuna edilən dəyişikliklər dərman vasitələri haqqında qanunda təsbit olunmuş müvafiq norma və yeni anlayışların təklif olunan qanunlarda tətbiqini, habelə bir sıra terminlərin dəqiqləşdirilməsini nəzərdə tutur. Bu məqsədlə AR Cinayət Prosessual məcəllədə və Sanitariya-epidemioloji salamatlıq haqqında qanunlardakı bir sıra terminlər dəqiqləşdirilmiş, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna isə sahibkarlara yeni vəzifə, öhdəlik müəyyənləşdirilmişdir”.
Milli Məclisin deputatı Könül Nurullayeva dəyişiklliklərə münasibət bildirərkən belə deyib.
Bildirib ki, aptek təşkilatı reseptə yazılmış dərman vasitəsi və onun qiyməti barədə istehlakçıya məlumat verməyə borclu olacaq. Bu öhdəliyin icrası sui-istifadə hallarının da müəyyən mənada qarşısını almış olacaq. Əhalinin sağlamlığının qorunması haqqında qanuna Klinik protokol anlayışı əlavə edilərək bu anlayışın izahı verilmişdir. Artıq klinik protokol bazasının yaradılması və reseptlər yazılarkən məhz həmin protokolların əsas götürülməsi məsələləri normativ hüquqi aktla tənzimlənmişdir.
Deputat qeyd edib ki, sosial siyasətin proritet istiqamətlərindən, ən həssas məqamlarından biri də zərurət yarandığı təqdirdə xəstələrin yararlı, keyfiyyətli dərman vasitələri ilə təmin olunması, həmçinin aptek şəbəkələrində tələbata uyğun dərman vasitələrinin əldə edilməsi imkanlarının genişləndirilməsidi: “Yəni, əhalinin istehlak bazarından daha ucuz qiymətə və daha keyfiyyətli dərman vasitələri əldə etməsi üçün hüquqi bazanın təkmilləşdirilməsi olduqca vacibdir. Təbii ki, bəlli prosedurlar keçməklə yeni məhsullar istehlak bazarına daxil olur, bu da həm zaman, həm də maliyyə baxımından bir sıra çətinliklər yaradır. Bu layihələr qanunvericilikdə olan ziddiyyətli məqamların, anlayışların uyğunlaşdırılmasına, Dərman vasitələri haqqında qanunun inzibati orqanlar tərəfindən tətbiqinə və vahid yanaşmaya hüquqi imkan yaradır.”
K.Nurullayevanın sözlərinə görə, dərman vasitələri haqqında qanunda dəyişiklik edilməsi barədə 2023-cü il 14 iyul tarixli qanun da ölkəmizdə insanların həyat və sağlamlığının qorunması, dərmanların dövlət qeydiyyatı prosedurunun optimallaşdırılması, ölkə ərazisinə idxal edilən keyfiyyətli dərman vasitələrinin sayının artırılmasına xidmət edir. Eyni zamanda bu qanun ölkədə yarana biləcək dərman qıtlığının aradan qaldırılması və dərman vasitələrinin istehsalı ilə məşğul olan tanınmış istehsalçıların dərman vasitələrinin dövlət qeydiyyatına alınmasının sadələşdirilməsi, innovativ dərman vasitələrinin dövlət qeydiyyatına cəlb edilməsi, dərman ekspertizasının həyata keçirilmə müddətinin azaldılmasını nəzərdə tutur: “Göründüyü kimi, çoxsaylı qanunlara dəyişiklik edilməklə dərman bazarının tənzimlənməsinə çalışılmışdır. Bu dəyişikliklər çevik hüquqi tənzimlənmənin zəruriliyini təsdiqləyir.”