Elçin Quliyev: Şuşa Bəyannaməsi özündə mühüm məsələləri ehtiva edir

“Şuşa Bəyannaməsi özündə mühüm məsələləri ehtiva edir. İlk növbədə,  Azərbaycanın mədəniyyət paytaxtında imzalanan Türkiyə və Azərbaycan arasındakı Şuşa Bəyannaməsi ilə təkcə  iki qardaş ölkəni deyil, bütün türk dünyasını, eləcə də “Bir kəmər-bir yol” layihəsi çərçivəsində Şərqlə Qərbi birləşdirəcək Zəngəzur dəhlizinin açılması qətiləşdi və bu proses sürətləndiriləcək. Digər tərəfdən, regionun əsas oyunçuları Rusiya və İran deyil, Azərbaycanla Türkiyə olacaq. Cənubi Qafqaz bu iki türk dövlətinin diqtəsi ilə irəliyə gedəcək. Bu isə o deməkdir ki, gələcəkdə bölgədə süni münaqişələrin yaradılması və ya alovlandırılması daha mümkün olmayacaq”. Bu fikirləri sabiq millət vəkili Elçin Quliyev deyib.

E.Quliyev bildirib ki, bu Bəyannamə  bütün region dövlətlərinin gələcək əməkdaşlıq imkanlarını öz qanadları altına alan 3+3 formatını daha işlək mexanizmə çevirmək üçün böyük katalizator rolunu oynayacaq. Həmçinin, Azərbaycan və Türkiyənin orduları bundan sonra birgə hərəkət edəcək. Dövlətlərdən birinə hər hansı bir təhlükə yaranarsa, ölkənin güc və beyin mərkəzləri, təhlükəsizlik sistemləri birgə fəaliyyət göstərəcək. Bu da o deməkdir ki, Azərbaycan Ordusu NATO standartlarına bundan sonra daha da yaxınlaşacaq və blokun əsas güclü iki ordusundan biri ilə birgə təlimlər apararaq öz döyüş qüdrətini daha da artıracaq. Eləəc də, 1921-ci Moskva və Qars müqavilələrindən sonra Naxçıvanın təhlükəsizliyini qarant altına alan Türkiyə bu dəfə - 2021-ci ilin 15 iyununda Qarabağın təhlükəsizliyinin təminatçısına çevrildi. 

Onun sözlərinə görə, Şuşa Bəyannaməsi Ermənistana və onun havadarlarına mesajdır. Eyni zamanda, Türk dünyasının iqtisadi, siyasi və mədəni birliyi bu bəyannamə ilə daha da sarsılmaz olacaq. Bundan başqa, Şuşada imzalanan müqavilələr işğaldan azad olunan ərazilərin sürətli şəkildə yenidənqurulmasını və keçmiş məcburi köçkünlərin oraya qayıdışını daha da sürətləndirəcək.