“Əli Kərimli az qala deyir ki, küçələrə çıxıb güc yolu ilə hakimiyyəti devirməyə cəhd edəcəklər…”

“Hər şeydən öncə, 30 illik işğala 44 gündə son qoyan bir Ali Baş Komandanın hansı əlavə təbliğata, süni mexanizmə əl atmasına ehtiyacı ola bilər? Əli Kərimlinin iddiası özünü sığortalamaqdan başqa bir cəhd deyil. Adam az qala dili ilə deyir ki, biz küçələrə çıxıb güc yolu ilə hakimiyyəti devirməyə cəhd edəcəyik, alınsa bizik, alınmasa bizlik deyil. Bu nə yanaşmadır?”

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

 

Deputat bir tezislə razı olduğunu bildirib: “Bəli ölkədə müxtəlif istiqamətlərdə həllini gözləyən problemlər var, amma və lakin, əminliklə deyirəm ki, Kərimli və həmfikirləri bu problemləri həll edəcək gücdə və niyyətdə deyillər. Yaxın tarix bizə bunu deməyə imkan verir. Bu iqtidar 29 ildir ki, AXC-Müsavat cütlüyünün qısa müddətli hakimiyyəti və bundan öncə hakim mövqedə olduğu bir dövrdə ölkəyə vurulmuş ziyanın nəticələrini aradan qaldırmaqla məşğuldur. Azərbaycan xalqının illərdir topladığı qızıl ehtiyatı həmin qısa müddətli hakimiyyəti dövründə yoxa çıxdı, işğal başlandı, ölkə bu qısa müddətdə feodal münasibətlərə geri döndü, parçalandı, hər tərəfdə bir bəylik peyda oldu, axırda da elə özlərinin səbatsızlığı ucbatından meydana çıxan bəylərdən biri tərəfindən küncə sıxışdırılanda qorxudan Heydər Əliyevə üz tutdular. Bu gün bəyənmədikləri iqtidar gəlməsəydi, 1993-cü ildə onların hamısı Azadlıq meydanında Sürət Hüseynovun qurduğu dar ağacında yellənirdilər. O dövrü ki hamımız xatırlayırıq, indi Azərbaycan öz tarixinin ən güclü dövrünü yaşayarkən, bunlar xalqa nə vəd edə bilər? Yalançı bəzən o qədər yalan danışır ki, dediyinə özü də inanır. İndi eyni adamların müxtəlif saxta adlar altında daxil olduqları hesablarla yaratdıqları sosial şəbəkədəki trol ordusu bunlara seçici kütləsi kimi görünməyə başlayıb. Yaxşı olar ki, ayılsınlar, ətrafa baxsınlar. Bəli, hər bir ölkədə hakimiyyətdən razı olanlar da var, narazı olanlar da, Azərbaycanda da həmçinin. Amma hazırda ölkədə mütləq çoxluq İlham Əliyevin ətrafında birləşib. Xüsusən, dediyim kimi Vətən müharibəsindən sonra cənab Əliyevin reytinqinin yüksəldiyi bir vaxta, inqilab arzusuna düşmək bunların səbatsız düşüncə tərzində 90-cı illərdən bəri dəyişən bir şey olmadığını göstərir. Amma onlar dəyişməyibsə, bu o demək deyil ki, hər şey də olduğu kimi qalır. İndi 90-cı illər deyil. Minlərlə şəhidin qanı, canı bahasına tariximizin ən güclü dövrünə qədəm qoymuşuq. Belə bir şəraitdə bizi daxildən parçalamaq istəyən, təxribata cəhd edən, ictimai qayda və ictimai təhlükəsizliyi hədəfə alan istənilən şəxs qarşısında asayiş keşikçilərindən öncə başda şəhid ailələri olmaqla, bütün xalqı görəcək. Bunu da belə bilsinlər. Heç kim də düşünməsin ki, inqilaba cəhd edib sonra da yaxamı kənara çəkə biləcəm”.